Xəbərlər 11.12.2024 18:23 380

"Narkomaniya ilə mübarizə hər bir vətəndaşın borcudur" - Müqamət Əliyev

Narkomaniya, ötən yüzillikdə olduğu kimi, bu gün də qlobal problemlər sırasında qalmaqdadır. BMT-nin hesablamalarına görə, hazırda dünyada təxminən 250 milyon insan narkotiklərdən müxtəlif formalarda əziyyət çəkir. Bu rəqəm dünya əhalisinin 15-64 yaş qrupunun təxminən 5 faizini təşkil edir.

Narkotik vasitələr dedikdə, ölkələrin qanunvericiliyində və 1961-ci ildə qəbul olunmuş Beynəlxalq Vahid Konvensiyada qeyd edilmiş, insan psixikasına təsir edən, eyforiya yaradan təbii və sintetik mənşəli preparatlar və bitkilər nəzərdə tutulur. Bu vasitələrin istifadəsi nəticəsində insanlarda xroniki intoksikasiya, tolerantlığın artması, psixi və fiziki asılılıq yaranır. Nəticədə, cəmiyyətdən təcrid olunma, sosial və iqtisadi problemlər, eləcə də cinayətkarlığın artması müşahidə edilir.

Azərbaycanda narkomaniya ilə mübarizə sahəsində ciddi tədbirlər həyata keçirilir. 1998-ci ildən ölkəmiz BMT-nin “Narkotik vasitələr haqqında” və “Psixotrop maddələr haqqında” Konvensiyalarına qoşulmuş, 1999-cu ildə isə “Narkotik vasitələr, psixotrop maddələr və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Qanun qəbul olunmuşdur.

Bu gün ölkəmizdə narkomaniya ilə mübarizə çərçivəsində dörd Dövlət Proqramı icra edilir. 2019-2024-cü illəri əhatə edən proqram çərçivəsində hüquq mühafizə, sərhəd və gömrük orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı müasir texnologiyalardan istifadə edilməklə genişmiqyaslı əməliyyatlar aparılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə prioritet istiqamətlərdən biridir. Dövlət və hüquq-mühafizə orqanlarının ardıcıl fəaliyyəti bu ümumbəşəri fəlakətin qarşısının alınmasında mühüm rol oynayır.

Narkomaniya ilə mübarizədə hər bir vətəndaşın fəallığı vacibdir. Xüsusilə yeniyetmə və gənclərin maarifləndirilməsi, onlarda narkotiklərə qarşı müqavimət hissinin artırılması gələcək nəsillərin sağlam yetişməsində həlledici rol oynayır.

Bu ümummilli bəlanın dəf edilməsində həm dövlətin, həm də cəmiyyətin birgə səyləri zəruridir.

 

 

Müqamət Əliyev

Gənc Vətənpərvərlər İctimai Birliyin Sədri


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı