Elşad Məmmədov Azərbaycanın "yaşıl enerji" strategiyası, yeni regional əməkdaşlıq modelindən danışdı
Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov bu gün keçirilən brifinqdə Azərbaycanın bərpa olunan enerji sahəsində beynəlxalq əməkdaşlığının əhəmiyyətini vurğulayıb. O, xüsusilə 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i önəmli bir mərhələ kimi qiymətləndirib.
QHT.az xəbər verir ki, sazişə əsasən, Azərbaycanda istehsal olunan bərpa olunan enerji Gürcüstan üzərindən Rumıniya və Macarıstana, daha sonra isə Avropanın digər ölkələrinə Qara dəniz sualtı elektrik xətti ilə ötürüləcək. Professor Məmmədov qeyd edib ki, bu layihə Cənubi Qafqaz ölkələrinin qlobal enerji proseslərində aktiv iştirakını təsdiqləyir:
"Bu, müasir “Əsrin müqaviləsi”nin reallaşmasının şahidi ola biləcəyimizi göstərir. Proseslərin davamlı inkişaf edəcəyi qaçılmazdır."
Elşad Məmmədov vurğulayıb ki, gələcəkdə Mərkəzi Asiya ölkələri və İranın da bu prosesə qoşulması mümkündür. Bu isə regiondan Avropaya təmiz elektrik enerjisi ixracının əhəmiyyətli dərəcədə artması deməkdir. Bununla yanaşı, Rusiya və Türkiyənin də layihələrə qoşulması ilə bağlı böyük potensialın mövcud olduğunu bildirib.
"Rusiya və Türkiyə texniki infrastrukturun inkişafında əsas rol oynaya bilərlər. Bu, region ölkələrinin hamısının təmiz elektrik enerjisi istehsalı və ixracında iştirakını təmin edəcək. Xüsusilə Mərkəzi Asiya və İrandan əldə ediləcək alternativ enerji Türkiyə və Rusiyada emal edildikdən sonra Azərbaycan və Gürcüstan vasitəsilə Avropa bazarlarına ixrac ediləcək," - deyə professor əlavə edib.
Pərvanə Fərhadqızı
QHT.az