Güləşçimiz 3-cü dəfə dünya mükafatçısı oldu
Veteran güləşçimiz Elgiz Məmmədov dünya üçüncüsüdür
Xorvatiyanın Poreç şəhərində veteran güləşçilər arasında keçirilən dünya çempionatında ölkəmizi yunan-Roma güləşində təmsil edən Elgiz Məmmədov (100 kq) bürünc medala sahib olub.
Qeyd edək ki, bundan öncə iki dəfə – Bolqarıstanın Plovdiv şəhərində (oktyabr, 2022) və Yunanıstanın Lutraki şəhərində veteranlar arasında (17-22 oktyabr, 2023) keçirilən veteranlar arasında Yunan-Roma güləşi üzrə dünya çempionatında Elgiz Məmmədov (88 kq) gümüş medal qazanıb. Beləliklə, 37 yaşlı pəhləvanımız ardıcıl olaraq üçüncü dəfə dünya mükafatına sahiblənib.
Məlumat üçün bildirək ki, Masallı rayonunun Ərkivan qəsəbəsindən olan Elgiz Məmmədov güləş məşqlərinə Azərbaycanda, əməkdar məşqçi Qardaşxan Əmənovun rəhbərliyilə başlayıb. O, doqquz yaşı olanda ilk uğuruna imza atıb – SSRİ idman ustası, Azərbaycanın əməkdar məşqçisi Nadir Ağayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə respublika turnirinin qalibi olub. 2000-2009-cu illər ərzində dəfələrlə yeniyetmə və gənclər arasında Bakı şəhər və Azərbaycan birinciliklərinin qaibi adını qazanıb.
Elgiz Məmmədov hazırda Rusiyanın Kalininqrad şəhərində məşqçilik fəaliyyəti ilə məşğuldur. Yetirdiyi yeniyetmə və gənc yunan-romaçılar bir sıra mötəbər yarışların mükafatçılarıdır.
Akif AĞAYEV