Xəbərlər 07.06.2024 14:26 1796

Paralimpiya İdman Kompleksində bu il əlilliyi olan 350-dək şəxsə xidmət göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Paralimpiya İdman Kompleksində (Sumqayıt) bu ilin ötən dövründə əlilliyi olan 350-dək şəxsə xidmət göstərilib. 

 

Kompleksdə həmin kateqoriyadan olan şəxslərin idman bacarıqlarının artırılmasına, müxtəlif idman yarışlarına hazırlaşmalarına, idmanda uğurlar qazanmalarına, idman vasitəsilə cəmiyyətə inteqrasiyasına dəstək işləri aparılır. 

 

Burada əlilliyi olan şəxslər üçün paracüdo, parapauerliftinq, paraüzgüçülük, kamandan oxatma, güllə atıcılığı, tennis, boccia və s. paralimpiya idman növləri üzrə təlim-məşqlər keçirilir.

 

Müəssisədə təlim-məşq toplanışları, idmançıların idman yarışlarına hazırlaşmaları üçün zəruri şərait yaradılıb. Məşqlər Azərbaycan Milli Paralimpiya Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində təşkil edilir. 

 

Hazırda burada əlilliyi olan 200-dən çox şəxs xidmətlərdən faydalanır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı