Xəbərlər 06.06.2024 00:00 2076

Qubada Azərbaycan Mədəni İrsinin Təbliğinə Həsr Olunan İntelektual Turnir Keçirilib - FOTOLAR

“Yurd”un təşkilatçılığı ilə Azərbaycan mədəni irsinin təbliğinə həsr olunan turnir keçirilib.

QHT.az xəbər verir ki, Quba rayonu Qaraçay qəsəbə tam orta məktəbində təşkil olunan yarışda Quba rayonunun Alekseyevka, Vəlvələ, Talabıqışlaq, Mirzəqışlaq, İsnovqışlaq, Zizik, İqriq kəndlərindən və Qaraçay qəsəbəsindən olan 40 nəfər yeniyetmə və gənc 8 komanda tərkibində mübarizə aparıb.

Tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov yarışın keçirilməsində əsas məqsədin Azərbaycanın mədəni irsinin gənc nəsil arasında təbliğ edilməsi, eyni zamanda gənclərin intellektual oyunlar vasitəsilə bilik və bacarıqlarının artırılmasının və asudə vaxtının səmərəli təşkil edilməsinin təmin olunmasıdır.

Bir dövrəli dairəvi sistem üzrə keçirilən turnirdə qalib adını Alekseyevka kəndini təmsil edən “Bayraqdar” komandası qazanıb və final mərhələsində iştirak etmək hüququ əldə edib. İsnovqışlaq kəndini təmsil edən “Zirvə” və Talabıqışlaq kəndini təmsil edən “Xüsusi təyinatlı qüvvə” komandaları yarışda müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qalib və mükafatçılar müvafiq olaraq kubok, medal, diplom və bədii ədəbiyyat nümunəli kitablarla təltif edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Mədəni irsimiz milli kimliyimizdir!” Azərbaycan mədəni irsinin yeniyetmə və gənclər arasında təbliği adlı layihə çərçivəsində Quba rayonunun daha 5 kənd zonasında seçim turları keçiriləcəkdir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı