Xəbərlər 08.05.2024 12:13 1163

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anım günüdür

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Albert Aqarunov 1992-ci ilin bu günü Şuşa döyüşləri zamanı şəhərdə qalan son azərbaycanlı hərbçilərdən olub, düşmənin T-72 tankını məhv edərək Şuşa–Laçın yoluna doğru irəliləyib. O burada, tankının sürücüsünə şəhid azərbaycanlı əsgərlərin və mülki vətəndaşların cəsədlərinin üstündən keçməməyi tapşırıb və ona yol göstərmək üçün tankdan edib. Bu zaman o, erməni snayperinin açdığı atəş nəticəsində şəhid olub.

QHT.az xəbər verir ki, Albert Aqarunov 25 aprel 1969-cu ildə Bakı şəhərinin Əmircan qəsəbəsində anadan olub. 1987-1989-cu illərdə SSRİ ordusunun tərkibində hərbi xidmətdə olub. 1990-cı illərin əvvəlində Qarabağda döyüşlərin başlanmasından sonra Albert könüllü olaraq Vətəni müdafiə etmək üçün cəbhəyə yollanıb. Əsgər yoldaşları tərəfindən əla atıcı və tankçı hesab edilən Aqarunov tank briqadasının tərkibində, kapitan rütbəsində Ağdam, Cəbrayıl, Füzuli, Laçın bölgələrində vuruşub. O, daha sonra 777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissədə tank komandiri təyin edilib və Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində erməni qüvvələri ilə gedən intensiv döyüşlərdə iştirak edib.

Qeyd edək ki, Albert Aqarunovun Şuşa döyüşü zamanı məhv etdiyi T-72 tankı Birinci Qarabağ Müharibəsindən sonra ermənilər tərəfindən Xankəndi–Şuşa yolunun üstündəki qayada abidə kimi ucaldılıb. Həmin abidə 2023-cü ilin sentyabrında qəhrəman Azərbaycan Ordusunun həyata keçirdiyi "Antiterror əməliyyatları"ndan sonra sökülüb.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Albert Aqarunov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı