Xəbərlər 17.05.2024 23:20 3928

Masallıda Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbir keçirilib

Masallıda Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbir keçirilib

 

Masallıda 18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir keçirilib.
Bayram tədbiri mayın 17-də, Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində gerçəkləşib. 
Tədbir Dövlət himnimizin səsləndirilməsi ilə başlayıb.
Sonra Ulu öndər Heydər Əliyevin, Vətənimizin suverenliyi və bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva Azərbaycanda muzey işinin inkişafının Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmasından, bu işin respublikamızın Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilməsindən, ölkədə mədəniyyət və incəsənətin inkişafına göstərilən dövlət qayğısından danışıb.
Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Masallı rayonu üzrə nümayəndəsi Salman Yunusov xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş Beynəlxalq Muzeylər Gününün əhəmiyyəti, beynəlxalq və respublika muzeyləri barədə iştirakçılara məlumat verib.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin sədri Vəkil İsmayılov, Lənkəran-Astara Gənclər və İdman İdarəsinin rayon üzrə sektor müdiri Sabiq Cahangirov, “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev, “Masallı xəbərləri” MİP-in rəhbəri Rauf Cəbiyev, “Masallı Gənclər Evi” SXM-nin direktoru Fuad Mənsimov, rayon mərkəziləşdirilmiş kitabxana sisteminin direktor əvəzi Zamin Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli muzeylərin hər xalqın milli-mənəvi dəyərlərini, adət-ənənələrini özündə əks etdirən ən zəngin sərvət olduğunu vurğulayıb, tarixi-mədəni “xəzinəmiz” olan muzeyləri həyatın bütün sahələrini əhatə edən elm, maarif məbədi kimi səciyyələndiriblər. 
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin yaradılmasında Əməkdar müəllim, İkinci Dünya müharibəsi veteranı Rəhim Tağıyevin əməyini yüksək dəyərləndirən çıxışçılar bu şərəfli və məsuliyyətli işin muzey yaradıcısının övladı Əntiqə Tağıyeva tərəfindən 22 ildir ki, layiqincə davam etdirildiyini diqqətə çatdırıblar.  
Natiqlər muzey işçilərini əlamətdar gün münasibətilə təbrik edərək onlara işlərində uğurlar arzulayıb, hədiyyələr təqdim ediblər.
Muzey rəhbəyliyi tərəfindən bir qrup əməkdaş fəxri fərman, keçirilən tədbirlərə dəstək olan təşkilatlar təşəkkürnamələrlə təltif olunublar.
Tədbir Masallı Onbirillik İncəsənət Məktəbi, uşaq-gənclər inkişaf mərkəzinin, şəhər 2 saylı, Hişkədərə və Viləş kənd tam orta məktəbləri şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeir, mahnı, rəqs və digər musiqi nömrələrilə davam edib.

 

Akif AĞAYEV
 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı