Xəbərlər 17.05.2024 16:29 3382

“Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyi layihə çərçivəsində seminar keçirib - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyi tərəfindən icra olunan “Gənclər ətraf mühitin keşiyində” adlı layihə çərçivəsində Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində  maarifləndirici seminar keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Rəfail Nəsirov, Kollecin müəllim və tələbələri iştirak ediblər. Layihə rəhbəri Əli Mirzəyev layihə haqqında ətraflı danışaraq qeyd edib ki, Şirvan şəhəri Azərbaycan Respublikasının aran zonasında yerləşdiyi və əlverişsiz iqlim şəraitinə mənsub olduğu üçün ətraf mühitin qorunması daim diqqət tələb edir. Nəzərə alsaq ki, respublika ərazisini qərbdən şərqə qədər kəsib keçən, hələ ölkəmizin hüdudlarından kənarda kifayət qədər çirklənən əsas su hövzələrindən biri olan Kür çayı şəhər ərazisindən keçir və müəssisələrin sənaye tullantıları çaya axıdılaraq bir müddətdən sonra Xəzər dənizinə çatır, onda problemin ciddiliyi daha kəskin şəkildə özünü göstərir.

Seminar iştirakçılarının nəzərinə çatdırılıb ki, layihənin məqsədi şəhərdə yaşıllaşdırma və abadlıq işlərinə, kütləvi tədbirlərə gənclərin cəlb olunmasını təşkil etməklə onların hərtərəfli inkişafını, ictimai həyatda fəal iştirakını təmin etmək, asudə vaxtlarının səmərəli təşkil etmək üçün səylər göstərmək, narkomaniya və digər zərərli vərdişlərə qurşanmalarının qarşısını almaq, meşə zolaqlarının qorunması, bərpası, gələcəkdə bu meşələrdən turizmin inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədi ilə əhalinin, gənclərin, məktəblilərin, ekoloqların  səylərini dəstəkləməkdir.

Layihə Şirvan şəhəri, Hacıqəhrəmanlı və Bayramlı qəsəbələrində, Kür çayının sağ və sol sahillərində ekoloji tarazlığın qorunması sahəsindəki problemlərin həllinə yardım etmək məqsədi ilə maarifləndirmə tədbirlərinin həyata keçirilməsini və bu tədbirlərə əsasən gənclərin cəlb edilməsini nəzərdə tutur. Gənclərin əhali arasında maarifləndirmə işlərinə cəlb edilməsi təkcə ekoloji problemlərin həllinə yönəlmir, eyni zamanda onların ictimai, sosial proseslərə inteqrasiyasını təmin edir.

Müəllimlər və tələbələr müzakirələrdə fəal iştirak ediblər və çay süfrəsi arxasında müzakirələr davam etdirilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı