Xəbərlər 08.05.2024 10:49 2364

Əlillərin Cəmiyyətdə tam iştirakı: QHT sədri Cəmilə Abdulova ilə MÜSAHİBƏ

Əlillərin hüquqları və cəmiyyətdə tam iştirakı ilə bağlı "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyinin sədri Cəmilə Abdulova ilə müsahibəmiz oldu və önəmli bir məsələni aydınlaşdırdıq. Müsahibədə əlillilərin cəmiyyətdəki yerinin gücləndirilməsi, onların hüquqlarının qorunması barədə danışdıq. Söhbətimizdə əlillilərin cəmiyyətdə iştirakını təmin etmək üçün nələrin əhəmiyyətli olduğu haqqında fikirlər əks olunur.

QHT.az QHT sədri ilə MÜSAHİBƏni təqdim edir.

 

QHT.az: Bu gün bizimlə birlikdə "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyinin sədri Cəmilə Abdulova oldu. Onunla bu vacib məsələlər barədə söhbət etməyə razılaşdığı üçün çox təşəkkür edirik. İlk suala keçək. Salam Cəmilə xanım. Əlillərin hüquqları ilə bağlı cəmiyyəti maarifləndirmək üçün hansı üsullardan istifadə edirsiniz?

Cəmilə Abdulova: Salam. Bilirsiniz ki, Azərbaycan Dövləti 2008-ci ilin oktyabr ayında Prezident cənab İlham Əliyevin verdiyi qərara əsasən  Azərbaycan Respublikası, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyasına qoşulmuşdur. Konvensiyaya qoşulan iştirakçı dövlətlərin əlillərin hüquqları ilə bağlı öhdəlikləri var. Konvensiyanın 8-ci maddəsi məhz əlilliyi olan şəxslərin hüquqları ilə bağlı cəmiyyəti maarifləndirməkdir. Biz təşkilat olaraq eşitmə məhdudiyyətli əlilliyi olan şəxsləri ailə səviyyəsində maarifləndirməsi daxil olmaqla, bütün cəmiyyətin əlilliyi olan şəxslərlə bağlı məsələlərində maariflənməsini yüksəltmək və əlilliyi olan şəxslərin hüquqlarına və ləyaqətinə hörmət olunmasını möhkəmləndirmək üçün il boyu müxtəlif ictimai-maarifləndirmə tədbirləri, əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgilər,  mədəni kütləvi konsert proqramları həyata keçiririk. Əlilliyi olan şəxslərin potensialını və töhfəsini təbliğ etməklə  biz cəmiyyətdə əlilliyi olan şəxslər haqqında müsbət təsəvvürlərin təşviqini və onların cəmiyyət tərəfindən daha dərindən başa düşülməsinə nail oluruq. Əlilliyi olan və ya olmayan ailələr arasında inklüzivliyin dərki prinsipi ilə tərbiyyəvi-tanışlıq gəzinti turları da təşkil edirik ki, bu da ailələrin maariflənməsində çox gözəl təsir edir.
 

QHT.az: Əlillərin cəmiyyətdə tam iştirakını təmin etmək üçün nə etmək olar və ictimai dəstək nə dərəcədə vacibdir?

Cəmilə Abdulova: 20 il bundan əvvəli düşünərək müqaisə etsək, bu gün əlilliyi olan şəxslərin cəmiyyətdə iştirakı gözlə görülən dərəcədə müsbətə doğru dəyişib. Dövlət tərəfindən  bir çox qanunlar, təkliflər məhz sosial həssas əhali qruplarının cəmiyyətə əlçatanlığının təmin edilməsi üçün qəbul edilir. Sadəcə bəzi yazılı qanunların işlək mexanizimində hələ də  problemlər mövcuddur. Fikrimcə əlilliyi olan şəxslərin cəmiyyətdə tam iştirakını təmin etmək üçün ilk növbədə ailələrin maariflənməsi çox vacibdir. Cəmiyyətdə formalaşaraq iştirak etmək üçün məktəbəqədər təhsil sistemindən başlamaq daha gözəl olar. Əsas məktəb, peşə, ali təhsil müəssisələrinin,  bütün kateqoriyadan olan əlilliyi olan şəxslərə müəssərliyini təmin etməkdir. Müəssərlik dedikdə təkcə infrastruktur deyil, dərs vəsaitləri, müəllimlərin əlilliyi olan şəxslərlə yanaşması , dərs proqramları və ümumilikdə  mühitin əlçatanlığından söhbət gedir. Əlilliyi olan şəxsləri peşə kurslarına cəlb edənlər, keçdikləri kursa uyğun istiqamətdə onların işlə təmin olunmasına yaxından dəstək olmalıdır. Təşkilatımızın istiqamətini nəzərə alaraq demək istərdim ki, eşitmə məhdudiyyətli şəxslərin böyük bir hissəsi təhsil aldıqdan sonra işlə təmin olmaqda çətinlik çəkirlər. “Onları cəmiyyətdə tam iştirakını təmin etmək üçün nə etmək olar?” sualınıza cavab olaraq bildirmək istərdim ki, onları işlə təmin etmək lazımdır. İşlə təmin olunan insanın iş rejimi birbaşa onun cəmiyyətə inteqrasiya olunmasına dəstəkdir. Maddi durumu onu ələbaxımlı olmaqdan çəkindirir. O, işləyərək özünün maddi durumunu düzəldir. İctimai dəstəyi onu əhatə edən iş mühüti, kollektivi olur. Təbii ki, əlilliyi olan şəxslərin formalaşması üçün ilk addım ailədən başlasa da, ailənin özünə belə ictimai dəstəyin olması çox vacibdir.

 

QHT.az: Əlillik hüquqları ilə bağlı ən böyük problemlər hansılardır və onların aradan qaldırılması üçün nə etmək olar?

Cəmilə Abdulova: Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində olan Dövlət Məşqulluq Agentliyi, Sosial Xidmətlər Agentliyi, DOST agentliyi, DOST inklüziv inkişaf və Yaradıcılıq Mərkəzi əlilliyi olan şəxslərin müxtəlif istiqamətlərdə hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə, çox gözəl təşəbbüslər,  işlər, tədbirlər, layihələr, tenderlər həyata keçirir. Lakin buna baxmayaraq danılmaz faktır ki, problemlər mövcuddur. Sözsüz ki, inkişafda olan dövlətimiz bu problemlərin öhtəsindən gələcək. Problemlərin aradan qaldırılması istiqamətində ictimai nəzarətə ciddi yanaşan, vətəndaş cəmiyyəti nümayəndələri olaraq Qeyri Hökümət Təşkilatları , vətəndaşları narahat edən problemlərə diqqətlə yanaşaraq  dövlətə təkliflər verir. Əlilliyi olan şəxslərin ən böyük problemi, maddi durumlarının aşağı olması, iş yerlərinin olmaması və ev problemidir. Maddi durumun yaxşılaşdırılması üçün iş yerlərinin olması vacibdir. Beynəlxalq praktikaya nəzər salsaq görərik ki, əlilliyi olan şəxslərin əlillik dərəcəsinə və xüsusiyyətinə uyğun istehsalat sexləri, müəssisələri var. Əyər bizim ölkəmiz də Beynəlxalq təcrübəyə əsaslanaraq , əlilliyi olan şəxslərin kateqoriyalar üzrə öz istehsalat sexlərini, özlərinə uyğun iş yerlərinin olmasını təmin etsələr , əlilliyi olan şəxslərin məşqulluq hüquqlarını təmin etmiş olar.

 

QHT.az: Sizcə, jest dilinin və digər alternativ ünsiyyət üsullarının təhsili və istifadəsi ilə bağlı cəmiyyətdə maarifləndirməni necə artırmaq olar?

Cəmilə Abdulova: Jest dili , başqa dillərdə olduğu kimi bir ünsiyyət dilidir. Sadəcə Jest dilində danışmaq üçün ünsiyyət vasitəsi olan dildən yox əllərdən istifadə olunur. Jest dili təkcə eşitmə məhdudiyyətlilər üçün deyil. Bu dili onların ailə üzvləri, onlarla ünsiyyət quran hər bir kəs bilməlidir. Jest dilini öz ana dili kimi istifadə edən tam eşitmə məhdudiyyəti olan uşaqlar, bağça yaşından bu dili öyrənməyə başlayır. Artıq 1-ci sinifdən dərsliklərində Jest dili ilə tanış olmağa başlayaraq dili mənimsəyir. Ailədə bu dildən istifadə etməyən valideyinlərə Jest dili yad gəlir və uşaqları ilə ünsiyyət qurmaqda çətinlikləri yaranır. Lakin sevindirici haldır ki, son zamanlar eşitmə məhdudiyyəti olmayan insanlar arasında bu dilə maraq olduqca artıb.  Maariflənərək öyrədilən hər bir işdən gözəl nəticə əldə etmək olar. Təbii ki Jest dilinin təhsili ən mühüm məsələdir. Ən vacib məsələ Jest dilində yuxarı sinif dərsliklərin olmamasıdır. Biliklərin və sosial inkişafın mənimsənilməsinə maksimum kömək edən şəraitdə, səmərəli tədbirlər görülməlidir. Maarifləndirmə işləri televiziyalarda sosial çarxlar, verlişlərin tərcüməsinə Jest dili tərcüməçiləri cəlb etmək, nəşrlərin oxunulmasında QK-dan istifadə etmək və s.müxtəlif üsullarla həyata keçirmək olar. Həmçinin bank, məhkəmə, xəstəxana , polis, fövqaladə hallar zamanı istifadə olunan xidmətlər üçün vahid Jest dili məlumatlandırma mərkəzi yaradılması zəruridir.  Biz təşkilat olaraq müxtəlif dövlət qurumları ilə əməkdaşlıq edərək onların maarifləndirici sosial video çarxlarının eşitmə məhdudiyyətli şəxslərə əlçatanlığının təmin olunması üçün Jest dilinə tərcüməsini həyata keçirmişik.

 

QHT.az: Əlillərin hüquqlarının və işarə dilinin inkişafında hökumətlərin və beynəlxalq təşkilatların rolu nədir?

Cəmilə Abdulova: "Əlillərin hüquqları haqqında" Konvensiyasının yerinə yetirilməsi məqsədilə, BMT-nin Azərbaycan hökümətinə, Jest dili haqqında ayrıca tövsiyyələr verilib. Jest dillərindən istifadə Əlillərin Hüquqları üzrə Konvensiyada tanınır və dəstəklənir. Sənəddə göstərilir ki, onlar danışıq dilləri statusuna malikdir və təşkilata üzv dövlətlər Jest dillərinin öyrənilməsinin asanlaşdırılması üçün addımlar atmalıdır. Onu da nəzərinizə çatdırım ki, təşkilatımız Əlil Təşkilatlar İttifaqına üzvdür. İttifaq Beynəlxalq nifuza malik bir təşkilatdır. Təşkilatımız bu ilin mart ayında Əlil Təşkilatları İttifaqı ilə birgə BMT-nin Cenevrə şəhərindəki qərərgahında keçirilən “Əlillərin hüquqları haqqında” Konvensiyasının 33-cü sessiyasında iştirak edib. Sessiyada çıxışım zamanı və alternativ hesabatımda, təkliflərimizdən biri də ölkəmizdə Jest dilinin dövlət dili kimi tanınması, vahid bir Jest dili mərkəzinin olması idi. İnanırıq ki, təkliflərimiz və BMT-nin verdiyi tövsiyyələrin yerinə yetirilməsi məqsədilə beynəlxalq təcrübə əsas kimi götürüləcək.  

 

QHT.az: Əlilliyi olan insanlar üçün işarə dilinin əldə edilməsində hansı çətinliklər var və bu çətinlikləri aradan qaldırmaq üçün nə etmək olar?

Cəmilə Abdulova: Eşitmə məhdudiyyətli şəxslərin hər zaman informasiya almaqda çətinlikləri var. Qeyd etdiyim kimi istər ailədə, istər cəmiyyətdə, gündəlik həyatda qarşılaşdığımız hər yerdə. Nəyinki informasiya almaqlarında, hətda düşündükləri ifadələri çatdırmaqda belə çətinlik çəkirlər. Jest dilində danışanlar ya öz ətraflarında olan eşitmə məhdudiyyətli dostları ilə danışır, ya da onların dilini bilən şəxslərlə. İnanın onların dilində onlarla salamlaşanda belə üz ifadələri belə sevincli olur. Bu gün bir çox məlumatlar sosial video çarxlar vasitəsiyə cəmiyyətə çatdırılır. Biz də eşitmə məhdudiyyətli şəxslərə sosial yardım məqsədilə 30-za yaxın sosial çarxların tərcüməsini dövlət qurumları ilə birgə həyata keçirmişik. Bir qısametrajlı tam səsiz filim , bir vətənpərvərlik mövzusunda sosial çarx və Azərbaycan respublikasının Dövlət Himninin tərcüməsini həyata keçirməklə çəkib cəmiyyətə təqdim etmişik. Jest dilində danışan insanların cəmiyyətdə tam bərabərhüquqlu şəxs kimi inkişaf etməsi üçün görüləcək işlər çoxdu. Bu çətinlikləri aradan qaldırmaq üçün bir Nazirlik yox, bir Agentlik yox, bütün qurumlar çalışmalı və təşkilatımızın şüarı kimi “Səssizliyin səsi olaq!” deməlidir!

 

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı