Xəbərlər 27.03.2024 14:41 1609

"Ermənistan özünü beynəlxalq güc mərkəzlərinin hər hansı planının qurbanına çevirməməlidir"- Cəsarət Hüseynzadə 

Aprelin 5-də Brüsseldə baş tutacaq Avropa İttifaqı (Aİ)-Ermənistan-ABŞ müştərək konfransı heç bir məntiqi əsası olmayan və reallığı əks etdirməyən tezislərlə keçiriləcək. Bu gün Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının qurulmasına həqiqətən də ehtiyac var. Bu mövzuda region dövlətlərinin, eləcə də Aİ-nin və ABŞ-ın da töhfəsi və rolu ola bilər. Lakin bu yeni təhlükəsizlik arxitekturasının formalaşmasında əsas söz və güc sahibi Azərbaycandır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə söyləyib. QHT sədri qeyd edib ki, Azərbaycanın, həmçinin regionun aparıcı dövlətlərinin iştirakı olmadan bu cür müzakirələr yeni təhlükəsizlik arxitekturasının yaradılmasına deyil, əksinə, hazırda qismən mövcud olan sabitliyi pozmağa cəhddir. Bu gün Fransa başda olmaqla, anti-Azərbaycan qüvvələrin “Avropa İttifaqı” adı altında birləşdiyini görürük. Müxtəlif Avropa institutlarında say tərkibinə görə Fransa nümayəndələrinin çoxluq təşkil etməsi nəticəsində onlar həmin qurumları Azərbaycana qarşı yönəltməyə nail olublar.

O bildirib ki, regionda və xüsusən Azərbaycan-Ermənistan şərti sərhədində kövrək sülh tumurcuqlarının cücərdiyi bir vaxtda ölkəmiz bütün imkanlardan istifadə edərək bu sabitliyi qorumağa çalışdı. Məhz bu baxımdan delimitasiya edilməmiş sərhədin Ermənistan tərəfi boyunca Azərbaycan ilə Ermənistan arasında etimadın yaradılmasına töhfə verməsi güman edilən 40 nəfər mülki monitorinq ekspertindən ibarət qısamüddətli Avropa İttifaqı Monitorinq Potensialının (AİMP) yerləşdirilməsinə rəsmi Bakı tərəfindən razılıq verildi. Lakin ilkin iki aylıq müddətdən sonra Azərbaycanın razılığı olmadan AİMP əhəmiyyətli dərəcədə uzadılmış müddət və daha çox müşahidəçi sayı ilə Aİ-nin Ermənistandakı missiyasına çevrildi. Ortada cavabı verilməyən, lakin cavabı təxmin edilən xeyli suallar var. Bəzi Qərb ölkələrinin məqsədi Cənubi Qafqazda yeni qlobal münaqişə yaratmaqdır. Faktiki olaraq Ermənistan heç bir vəsait ödəmədən hərbi potensialını genişləndirir. Fransa başda olmaqla bu istiqamətdə güclü kampaniya həyata keçirilir. Avropa İttifaqı, ABŞ, həmçinin regional güc mərkəzləri Cənubi Qafqaz siyasətində məntiqli və realist olmalıdırlar.

“Ermənistan özünü beynəlxalq güc mərkəzlərinin hər hansı planının qurbanına çevirməməlidir”, - deyə QHT sədri əlavə edib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı