Xəbərlər 27.03.2024 12:52 1575

"Quru sərhədlərin bağlı saxlanılması doğru addımdır, sonsuzadək tam bağlı saxlamaq da mümkün və məntiqli deyil"- icraçı direktor

"Azərbaycan quru sərhədlərini bağlı saxlamaqda haqlıdır. Azərbaycan terrorla ciddi mübarizə aparan dövlətlərdəndir, beynəlxalq antiterror koalisiyasının fəal üzvlərindədir. Habelə, ölkəmizin xüsusi xidmət orqanları kifayət qədər peşəkardır. Bütövlükdə dünyada gedən proseslərin fonunda dövlətimizə, xalqımıza qarşı hansı yöndən təhlükə gələ biləcəyini dövlətin ali rəhbərliyi dəqiqliyi ilə bilir".

Bu fikirləri “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin icraçı direktoru Elşad Məmmədli QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, son baş verənlərdən sonra bir daha təsdiqlənir ki, quru sərhədlərin bağlı saxlanılması doğru addımdır: "Dövlətimiz iqtisadi itkiləri gözə almayaraq, ümdə vəzifə kimi vətəndaşların təhlükəsizliyini maksimum qorumaq üçün mümkün olan bütün addımları atır, bunlardan biri də quru sərhədlərin mühafizəsizidir. Bircə faktı qeyd etmək kifayətdir: bu günlərdə DTX yüksək peşəkarlıqla ölkəmizdə planlaşdırılan bir terrorun qarşısını aldı. Xaricdən təlimat alan şəxslər Lənkəranın icra başçısına, bölgələrdə ingilis dili təlimi keçən xarici vətəndaşa sui-qəsd hazırlayırmışlar. Bunu planlaşdıranlar kifayət qədər peşəkar əməliyyatla zərərsizləşdirildi. İndi təsəvvür edək ki, quru sərhədlər açıqdır və belə cəhdlər nə qədər risklər yarada, işləri çətinləşdirə bilərdi".

Elşad Məmmədli həmçinin bildirib ki, bütün hallarda və dönəmlərdə sərhədləri maksimum möhkəmlətməliyik: "Düzdür, quru sərhədləri sonsuzadək tam bağlı saxlamaq da mümkün və məntiqli deyil. Ancaq görürük ki, hazırda regionda və dünyada nə qədər qarışıqlıdır, xüsusilə Cənubi Qafqazla bağlı maraqlar toqquşması güclənib. Bu periodda dövlətimizin, xalqımızın təhlükəsizliyinin, ölkəmizdə sabitliyin qorunması üçün gərəkən hər bir addım atılır və atılacaq".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı