Milli Məclisin deputatı beynəlxalq konfransda iştirak edib
Fevralın 20-də VIII Sankt-Peterburq Əmək Forumu çərçivəsində “MDB-yə üzv dövlətlərin ümumi miqrasiya məkanı konsepsiyası: ümumi prinsiplər və milli maraqlar” mövzusunda beynəlxalq konfrans keçirilib.
Milli Məclisin deputatı, MDB Parlamentlərarası Assambleyasının Sosial siyasət və insan haqları daimi komissiyasının sədri Nizami Səfərov beynəlxalq konfransda onlayn formatda iştirak edib.
Əvvəlcə, tədbir iştirakçıları salamla nitqləri söyləyiblər.
Milli Məclisin üzvü Nizami Səfərov öz çıxışında bildirib ki, miqrasiya proseslərinin tənzimlənməsi ölkənin inkişafı və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. O, Azərbaycanda miqrasiya siyasətinin formalaşdırılması, onun həyata keçirilməsi, ölkəmizdə miqrasiya proseslərinin mövcud vəziyyəti, bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində görülən işlərin əhəmiyyəti barədə söhbət açıb. Deputat ölkəmizdə Dövlət Miqrasiya Xidmətinin səmərəli fəaliyyət göstərdiyini, miqrasiya qanunvericiliyinin beynəlxalq hüquq normalarına uyğunluğunun təmin edilməsi üçün miqrasiya sahəsində ölkənin qanunvericilik bazasının təkmilləşdirildiyini qeyd edib.
Sonra konfransda iştirak edən MDB-yə üzv ölkələrin parlament nümayəndələri, aidiyyəti qurumların təmsilçiləri, sahə mütəxəssisləri miqrasiyaya aid müxtəlif mövzularda məruzələr təqdim ediblər.
Tədbirin sonunda konfransın yekun tövsiyələri qəbul olunub.