Xəbərlər 18.12.2023 15:44 2887

QHT sədri: “Bu sənədli-bədii film aprel döyüşlərində şəhid olmuş qəhrəmanlara həsr edilən ilk filmdir”

“Təşkilatın icra etdiyi layihələr çərçivəsində 7 film və sosial çarx hazırlanıb”.

Bu sözləri "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Tükəzban Süleymanova QHT.az-a açıqlamasında bildirib. Bir çox mövzularda layihələr icra etdiyini bildirən QHT sədri əsasən, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Gənclər Fondunun müsabiqələrində iştirak etdiyini də vurulayıb: “İndiyədək, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın tanıdılması, eləcə də, narkomaniya, dini radikalizm ilə mübarizə, intiharlar, erkən nikah, ekologiya, tarixi abidələrimizin tanıdılması, müxtəlif mövzular üzrə intellektual yarışlar, gənclərə yumşaq bacarıqların (soft skills) öyrədilməsi kimi mövzular üzrə müxtəlif layihələr icra etmişik. 2016-cı ildə aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş üç qazaxlı qəhrəman – kapitan Mühüd Orucov, baş leytenant Elvin Namazov və əsgər Orxan Əliyevin xatirəsinə həsr etdiyimiz “Qarabağa doğru” sənədli-bədii filmi aprel döyüşlərində şəhid olmuş qəhrəmanlara həsr edilən ilk filmdir. Lakin müxtəlif subyektiv səbəblərdən dolayı film TV ekranlarına çıxa bilmədi. Bu film, 2017-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqı  və o vaxtkı adı ilə desək, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə keçirilən müsabiqənin xüsusi diplomuna layiq görülüb”.

Qeyd edək ki, təşkilat 2018-ci ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin xüsusi diplomu ilə təltif edilib.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı