Cəmiyyətin İnkişafı Mərkəzinin sədri, siyasi şərhçi Əhməd Abbasbəyli 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə 1988-ci il noyabr hadisələri, Azadlıq meydanında başlayan xalq hərəkatı, Azərbaycan xalqının milli azadlıq və müstəqillik mübarizəsi, milli birlik və dirçəliş ruhu, eləcə də həmin mübarizənin bugünkü Qarabağ Zəfəri və suveren Azərbaycanla əlaqəsi haqda fikirlərini açıqlayıb.
QHT.az həmin fikirləri təqdim edir:
"1988-ci ilin noyabrı...
Təqvimlərdə adi bir payız ayı, amma Azərbaycan xalqının taleyində əsarətin buzunu əridən, qərinələrin sükutunu parçalayan bir oyanış dastanı! O günləri sadəcə saralmış qəzet səhifələrindən, tarix kitablarından oxuyanlardan deyil, o meydanın bütün mənalarda soyuq nəfəsini ciyərlərinə çəkmiş, o milyonların ürək döyüntüsünə qarışmış, o tarixi gözləri ilə görmüş insanlardan biri kimi xatirələrimi və düşüncələrimi bölüşmək çox qürurvericidir!
Bu gün 17 Noyabr – Milli Dirçəliş Günüdür! Bu gün təkcə bir tarix deyil; bu gün bir millətin küllərindən yenidən doğulmasının, dünyanın ən qəddar və amansız totalitar maşınlarından biri olan SSRİ imperiyasının düz mərkəzində "Mən varam, mən azadam!" deyə hayqırmasının əbədi abidəsidir.
O günlərin həqiqi böyüklüyünü dərk etmək üçün o dövrün qorxunc reallığını xatırlamaq kifayətdir. 1988-ci ildə SSRİ hələ dağılmamışdı; onun cəza maşını, DTK-nın (KQB) zindanları, sovet ordusunun ağır zirehli texnikası və "xalqlar həbsxanası"nın amansız qanunları bütün dəhşəti ilə işləyirdi. İttifaqın digər respublikalarında insanların hələ pıçıltı ilə belə danışmağa cəsarət etmədiyi bir vaxtda, Azərbaycan xalqı SSRİ məkanında imperiya zülmünə qarşı ayağa qalxan, milyonlarla insanı bir meydanda toplayan ilk xalqlardan biri, hər hansı pafossuz, təkəbbürsüz deyə bilərəm ki, birincisi oldu! Bu, sözün əsl mənasında odla oynamaq, ölümün gözünə dik baxmaq idi. Hər an gülləbaran edilmək, sürgün olunmaq, zindanlara atılmaq riski başımızın üstündə Domokl qılıncı kimi asılmışdı. Amma Vətən sevgisi ölüm qorxusuna qalib gəldi!
O günləri xatırlayanda gözümün önündə yenə o möhtəşəm, o əzəmətli Azadlıq meydanı canlanır. Topxana meşəsinin harayına səs verən, haqsızlığa, ədalətsizliyə etiraz edən bir ovuc vətənpərvərin yandırdığı o kiçik qığılcım, bir anda bütün Azərbaycanı alovlandıran qarşısıalınmaz bir selə, bir vulkan püskürməsinə çevrildi! Gecələrin şaxtasında tonqallar ətrafında isinən, bir tikə çörəyini yanındakı tanımadığı qardaşı ilə bölüşən, eyni nəfəslə "Azadlıq!" deyə hayqıran o insanların gözlərindəki alovu necə unutmaq olar?!
Biz o meydanda sadəcə etiraz etmirdik – biz dirçəlirdik, biz millət olurduq! Yetmiş il boyunca yaddaşımızdan silinməyə çalışılan milli qürurumuzu, şərəfimizi, müqəddəs üçrəngli bayrağımızı imperiyanın qadağalarına meydan oxuyaraq yenidən kəşf edirdik. O soyuq noyabr gecəsində Azadlıq meydanının səmasında qaldırdığımız o qırmızı bayraqların (hələ Azərbaycan SSR-nin bayaraqları ilə çıxırdıq) kölgəsindən doğulan üçrəngli müqəddəs bayrağımız bu gün Şuşanın zirvəsində, Xankəndidə, Ağdamda, Laçında, bütöv Qarabağ və Şərqi Zəngəzurda əbədi olaraq dalğalanır! O dirçəlişi görüb, bu Zəfəri yaşamaq bir insan ömrünə sığa biləcək ən böyük səadətdir! ilk dəfə dalğalanan o üçrəngli bayrağı görəndə boğazımıza düyünlənən o müqəddəs qəhər, yanaqlarımızdan süzülən o qürur yaşları bu gün də ürəyimi titrədir.
Biz o meydanda azadlıq yoluna çıxanda bu yolun qanlı-qadalı olacağını bilirdik. Qarşıda hələ 20 Yanvarın qanlı gecəsi, Xocalının göylərə yüksələn fəryadı, torpaqlarımızın otuz illik həsrəti var idi. Amma bütün bu müsibətlərə sinə gərəcək, xalqı sınmağa qoymayacaq yenilməz milli ruhun polad təməli məhz o gün – 17 Noyabrda qoyuldu! O gün xalq zəncirlərini ilk dəfə öz ruhunda, öz zehniyyətində qırıb atdı və SSRİ-nin süqutuna aparan o böyük azadlıq dalğasının önündə getdi!
Bu gün o tarixi günlərin şahidi kimi qürurla, başıuca dayanmışıq. Çünki 1988-ci ilin noyabrında o soyuq meydanda ölüm riskinə baxmayaraq üşüyən əllərimizlə alqışladığımız, uğrunda canlar fəda etdiyimiz o böyük arzu artıq gerçəkdir! Bu gün biz tam suveren, bütöv və Qalib Azərbaycanda yaşayırıq! O gün imperiyanın gözü qarşısında meydanda qaldırdığımız üçrəngli bayraq bu gün Şuşanın zirvəsində, Xankəndidə, Ağdamda, Laçında, bütöv Qarabağ və Şərqi Zəngəzurda əbədi olaraq dalğalanır! O dirçəlişi görüb, bu Zəfəri yaşamaq bir insan ömrünə sığa biləcək ən böyük səadətdir!
17 Noyabr – bizim şərəf tariximiz, milli qürur və cəsarət mənbəyimizdir! O meydanda alovlanan müqəddəs birlik məşəli heç vaxt sönməsin!
Milli Dirçəliş Günümüz mübarək olsun! Eşq olsun imperiya zülmünə sinə gərərək bu tarixi yazan qəhrəman xalqımıza! Yaşasın bütöv və müstəqil Azərbaycan!"










