Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin həyata keçirdiyi “QHT-lərin sosial media bacarıqlarının artırılması” layihəsi çərçivəsində uğur hekayələrini əks etdirən videoçarxlar hazırlanıb.
Bu dəfə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Müşfiq Ələsgərlinin uğur hekayəsi təqdim edilib.
QHT.az Müşfiq Ələsgərlinin hekayəsini təqdim edir:
"1996-cı ildən jurnalist kimi fəaliyyət göstərirəm. Ölkənin tanınmış, məşhurlaşmış çoxsaylı media subyektlərində çalışmışam.
Jurnalistika sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının üç mühüm istiqaməti mövcuddur. Birincisi, jurnalistlərin peşə hüquqlarının qorunmasıdır. İkincisi, jurnalistlərin peşə bacarıqlarının inkişaf etdirilməsi üçün onlara dəstək göstərilməsidir. Üçüncü istiqamət isə ölkədə söz və media azadlığının, media mühitinin inkişafına töhfə verməkdən ibarətdir.
Mən də bu baxımdan jurnalist təşkilatlarında fəaliyyət göstərmək və orada öz bacarıqlarımı sınamaq qərarına gəldim. Beləliklə, jurnalist təşkilatları sektoruna qoşuldum.
Jurnalist təşkilatları, yaxud qeyri-hökumət təşkilatları adlandırdığımız qurumların adındakı “qeyri-hökumət” ifadəsi bəzən insanlarda çaşqınlıq yaradır. Bu, qeyri-hökumət təşkilatının hökumətə və ya dövlətə qarşı olması anlamına gəlmir. Əksinə, üçüncü sektorun təmsilçiləri olaraq həm media qurumları, həm də qeyri-hökumət təşkilatları dövlətimizin inkişafına öz töhfələrini verirlər.
Qeyri-hökumət təşkilatlarının bizi cəlb etməsinin və burada təmsil olunmağımızın səbəblərindən biri də təşəbbüslər üçün məhdudiyyətlərin olmamasıdır. İnsan nə qədər düşünə bilirsə, nə qədər kreativ ideyalar irəli sürürsə, onların hər birini burada həyata keçirmək üçün imkanlar mövcuddur.
Azərbaycan dövləti qeyri-hökumət təşkilatlarının fəaliyyət göstərməsi, inkişaf etməsi və institutlaşması üçün kifayət qədər şərait yaradıb. İxtisaslaşmış bir çox donor təşkilatlar mövcuddur. Həmin donor təşkilatları qeyri-hökumət təşkilatlarının layihələrini qəbul edir, onların icrası və həyata keçirilməsi üçün maliyyə dəstəyi göstərirlər.
Eyni zamanda, qeyri-hökumət təşkilatlarının fəaliyyət göstərməsi üçün mükəmməl qanunvericiliyimiz mövcuddur.
Beləliklə, biz “Media İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyini yaratdıq. Ölkə daxilindəki fəaliyyətimlə yanaşı, həm mənim, həm təşkilatımın, həm də ümumilikdə qurumumuzun beynəlxalq əlaqələri mövcuddur.
Media sahəsində meydana çıxan bütün trendlərlə bağlı tədqiqatlarımız və böyük layihələrimiz olub. Məsələn, sosial şəbəkələrlə medianın münasibətlərinə dair tədqiqatımız, sosial şəbəkələrdə informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı araşdırmamız var. Süni intellektin media təsirləri ilə bağlı da tədqiqatlarımız mövcuddur.
Bunların hamısı layihələr olub və həmin layihələrin icrasına Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi dəstək verib.
Bizim, həmçinin müəyyən qədər orijinal tədqiqatlarımız və araşdırmalarımız mövcuddur. Məsələn, ilk dəfə olaraq erməni təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında yerləşən və məcburiyyət qarşısında fəaliyyətini dayandıran və ya köçməyə məcbur olan media redaksiyaları barədə geniş araşdırma aparmışdıq.
Qarabağ müharibəsinin nəticəsi olaraq məcburi köçkünə çevrilmiş jurnalistlər haqqında da geniş araşdırmamız olub. Nəticələri ətraflı şəkildə öz saytımızda yerləşdirmişik.
Eyni zamanda, həm Birinci Qarabağ müharibəsində, həm də İkinci Qarabağ müharibəsində, yəni Vətən müharibəsində iştirak etmiş jurnalistlərin statistikasını hazırlamışıq. Onların sonrakı fəaliyyəti barədə geniş araşdırmalar aparmış və nəticələri saytımızda yerləşdirmişik.
Ümumilikdə götürəndə, Azərbaycan media məkanı üçün maraqlı olan məsələləri “Media İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyi vasitəsilə tədqiq etmiş, araşdırmış və saytımızda yerləşdirmişik.
Gördüyümüz fəaliyyətin nəticəsində Azərbaycan mediasına zərrə qədər də olsa töhfə verə bilmişiksə, bu, bizi məmnun edir, xoşbəxt edir və gələcək fəaliyyətimiz üçün daha da ruhlandırır.
Bu gün Azərbaycan QHT-ləri milli köklərə və milli maraqlara əsaslanaraq çox böyük proseslərin tərkibinə daxil olurlar. Bu prosesləri başa çatdırmaq həm peşə bacarıqlarımızdan, həm iradəmizdən, həm də milli düşüncəmizdən asılıdır.
Mən gələcəkdə bu sektora gələcək şəxslərə çağırış edərdim ki, qeyd etdiyim prinsipləri öz fəaliyyətlərində nəzərə alsınlar".










