Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin həyata keçirdiyi “QHT-lərin sosial media bacarıqlarının artırılması” layihəsi çərçivəsində uğur hekayələrini əks etdirən videoçarxlar hazırlanıb.

Bu dəfə "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevin uğur hekayəsi təqdim edilib.

QHT.az Əliməmməd Nuriyevin hekayəsini təqdim edir:

"Bəzən düşünürük ki, bizim sözümüz nəyisə dəyişə biləcəkmi, biz bunu bacaracağıqmı, bizim sözümüz nəyə təsir edəcək?

Təşkilatımızın – Konstitusiya Araşdırmaları Fondunun əsası 2003-cü ildə qoyulub. Fondun yaranmasının çox maraqlı tarixçəsi var. Mənim bir həmkarım, tələbə yoldaşım vardı. Təşkilatın adını birlikdə seçdik. “Konstitusiya Araşdırmaları Fondu” adını o təklif etdi.

Əlbəttə ki, bir çox fəaliyyətlərimizi kütləvi informasiya vasitələri vasitəsilə həyata keçirirdik. Amma ilk real layihəmiz 2005-ci ildə oldu. Korrupsiyaya qarşı mübarizə ilə bağlı bir sıra tədbirlər təşkil etdik. Bu tədbirlərdə dövlət orqanlarının nümayəndələri, yüksək vəzifəli şəxslər və vətəndaş cəmiyyəti təmsilçiləri bir araya gələrək korrupsiyaya qarşı mübarizənin səmərəli yollarını müzakirə edirdilər.

Nəzərə almaq lazımdır ki, həmin dövrdə korrupsiyaya qarşı mübarizə ilə bağlı qanun qəbul edilmiş, müvafiq institusional təsisatlar yaradılmışdı. Korrupsiyaya qarşı mübarizə sahəsində müvafiq komissiyalar fəaliyyət göstərirdi və bu, kifayət qədər əhəmiyyətli, aktual məsələlərdən biri idi.

Biz yüzlərlə layihə həyata keçirmişik. Bu layihələr sadəcə kağız üzərində qalan təşəbbüslər olmayıb, nəticəyə yönəlmiş layihələr olub.

Bu illər ərzində maraqlı hekayələrimizdən biri də şəbəkələşməyə xüsusi diqqət yetirməyimizlə bağlıdır. Koalisiyalar yaratmaq istiqamətində çalışırdıq. İlk uğurlu koalisiyalardan biri, hesab edirəm ki, Qeyri-Hökumət Təşkilatlarının Antikorrupsiya Şəbəkəsi oldu. Bu şəbəkə 2006-cı ildə yaradıldı və mən həmin koalisiyanın ilk koordinatoru oldum. Uzun müddət dəyişməz koordinator kimi fəaliyyət göstərdim və çox mühüm işlər həyata keçirdik.

Təsəvvür edin ki, həmin dövrdə 30-dan artıq qeyri-hökumət təşkilatını bir araya gətirmişdik. Ən maraqlısı isə o idi ki, tərəfdaşlarımız arasında Korrupsiyaya Qarşı Mübarizə Komissiyası da var idi. Bu, çox əhəmiyyətli hadisə idi. Çünki vətəndaş cəmiyyəti dövlət qurumları ilə birgə fəaliyyət göstərməyə başlamışdı. Bəlkə də, bu əməkdaşlığın ilk əsasını biz qoymuşduq.

Ümumilikdə, Konstitusiya Araşdırmaları Fondu və Antikorrupsiya Şəbəkəsi 2007-ci ildən başlayaraq bu günə qədər ölkədə qəbul edilən antikorrupsiya üzrə milli fəaliyyət planlarının və proqramlarının əsas tərəfdaşlarından biri olub. Onların hazırlanmasında iştirak edib, hətta müəlliflərindən birinə çevrilmişik.

ASAN xidmət korrupsiyaya qarşı mübarizənin ən effektiv alətlərindən birinə çevrildi. Bu gün dünyada da tanınan və Azərbaycan təcrübəsinin intellektual məhsulu hesab olunan mühüm təşəbbüslərdən biridir.

Lakin bu prosesin başlanğıcında biz doqquz ölkənin təcrübəsini öyrənmişdik. Təhlillər aparmış, nəticədə yüz səhifədən artıq material hazırlamışdıq. Həmin materialda müxtəlif ölkələrdəki vəziyyət, xidmətlərə çıxış və əlçatanlıq məsələləri araşdırılmışdı. Hazırladığımız sənədi hökumətə və Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına təqdim etdik. Onlar tədqiqatı yüksək qiymətləndirdilər və hazırladığımız sənəddən geniş istifadə etdilər. Sonradan ölkədə çox mühüm bir sistem quruldu.

Hətta ASAN xidmətin cəmiyyətdə təşviqi ilə bağlı proseslərdə də iştirak edirdik. Məqsədimiz cəmiyyətin bu xidməti mənimsəməsi və qəbul etməsi idi.

2016-cı ildə çox böyük bir təşəbbüs irəli sürüldü. Bu, Açıq Hökumət Platformasının yaradılması idi. Platformanın yaradılması özlüyündə unikal formata malik idi. Unikallıq nədən ibarət idi? Bir tərəfdə 31 vətəndaş cəmiyyəti təşkilatı, digər tərəfdə isə 10 dövlət qurumu təmsil olunurdu. Beləliklə, dövlət hakimiyyətinin müxtəlif istiqamətləri bu platformada təmsil edilirdi.

Ən mühüm məsələlərdən biri də vətəndaş cəmiyyətinin Vətən müharibəsi zamanı nümayiş etdirdiyi fəallıq idi. Hesab edirəm ki, bu da uğur hekayələrimiz sırasında yer almalıdır. Bu, müstəsna dərəcədə vacib məsələdir.

Təşəbbüslərimizdən biri də İctimai İştirakçılıq haqqında qanunun hazırlanmasıdır. Birmənalı şəkildə demək istəyirəm ki, İctimai İştirakçılıq haqqında qanun Konstitusiya Araşdırmaları Fondunun məhsuludur. Sonradan dövlət səviyyəsində istifadə olunan bu qanunun hazırlanmasında bizim komandamızın böyük rolu olub.

Qanunun hazırlanmasında mənimlə yanaşı, müəllimim, Ulamisəv müəllim, Xəzər İbrahimli, Hafiz Həsənov və Mirəli Hüseynov iştirak ediblər. Onlar çoxsaylı ekspertlərlə birlikdə bu prosesə töhfə veriblər.

Biz İctimai İştirakçılıq haqqında qanunu hazırladıq və daha sonra qanun parlamentdə qəbul edildi. Bu qanunun əsas məqsədi idarəetmə ilə bağlı qərarların qəbulunda vətəndaşların iştirakını təmin etmək, onların səsinin eşidilməsinə şərait yaratmaqdır.

Hesab edirəm ki, bu, çox əhəmiyyətli qanundur. Bu gün həmin qanun işləyir. Onun daha da təkmilləşdirilməsi istiqamətində təkliflərimiz də artıq hazırlanaraq təqdim olunub.

Biz o zaman xoşbəxt ola bilərik ki, gələcək nəsil bizim təcrübəmizdən istifadə etsin. Əgər onlar təcrübəmizdən bəhrələnir və onu yaşadırsa, deməli, bizim işlərimiz də yaşayacaq".