AI-nin yaratdığı imkanlardan Azərbaycan mediasında da geniş istifadə olunur. Xüsusilə böyük həcmdə məlumatların emalı, sənədlərin təhlili, müsahibələrin transkripsiyası, mətnlərin tərcüməsi və ilkin redaktəsi, məlumatların qruplaşdırılması və strukturlaşdırılması kimi vaxt aparan işlərdə AI jurnalistlərin gündəlik fəaliyyətində getdikcə daha çox tətbiq edilir. Bu texnologiyalar jurnalistə texniki və təkrarlanan işlərə sərf etdiyi vaxtı azaltmağa, araşdırma və məzmunun hazırlanmasına daha çox diqqət ayırmağa imkan verir.
Azərbaycan mediasında AI alətlərindən istifadənin genişlənməsi jurnalistin əsas peşə məsuliyyətlərini aradan qaldırmır. Əksinə, AI tərəfindən hazırlanmış məlumatların dəqiqliyinin yoxlanılması, mənbələrin təsdiqlənməsi və səhvlərin müəyyən edilməsi jurnalistin işində daha vacib mərhələyə çevrilir. 2026-cı ilin mayında Medianın İnkişafı Agentliyinin təşkil etdiyi forumda da AI-nin media üçün yaratdığı imkanlarla yanaşı, dezinformasiya risklərinin artması və informasiya etibarlılığının qorunmasının xüsusi əhəmiyyət daşıdığı vurğulanıb (https://media.gov.az/ictimai-prosesler-media-mustevisinde-movzusunda-iii-forum-reqemsal-inkisaf-media-suni-intellekt-ve-innovasiya-adli-panel-sessiya-ile-yekunlasib/).
Bu baxımdan Azərbaycan jurnalisti AI-dən istifadə edərkən onun hazırladığı mətni və ya məlumatı olduğu kimi yayımlamamalı, faktları müstəqil mənbələr əsasında yoxlamalıdır. AI-nin verdiyi cavabın inandırıcı görünməsi onun doğru olduğu anlamına gəlmir. Jurnalist üçün əsas meyar texnologiyanın sürəti deyil, yayılan informasiyanın doğruluğu və etibarlılığıdır.
2026-cı ilin iyulunda media nümayəndələri üçün təşkil olunan AI təlimində də jurnalistlərə mətn və vizual kontentin hazırlanması, məlumatların təhlili və iş proseslərinin optimallaşdırılmasında AI imkanlarından istifadə ilə bağlı praktiki biliklər verilib. Bu da Azərbaycanda AI savadlılığının media sahəsində artıq ayrıca ehtiyaca çevrildiyini göstərir (https://apa.az/ikt/media-numayendeleri-ucun-suni-intellekt-movzusunda-telim-teskil-edilib-983828 ).
Azərbaycanda bu məsələlərin peşəkar müstəvidə müzakirəsi də genişlənir. 2025-ci ildə keçirilən III Şuşa Qlobal Media Forumunda “Süni intellekt dövründə jurnalistika: Avtomatlaşdırma şəraitində həqiqətin qorunması” mövzusunda ayrıca müzakirə aparılıb. Burada AI-nin jurnalistikaya yaratdığı imkanlarla yanaşı, dezinformasiya, informasiya təhlükəsizliyi, etik və hüquqi məsuliyyət məsələləri də diqqət mərkəzində olub (https://media.gov.az/3-cu-susa-qlobal-media-forumu-cercivesinde-suni-intellekt-dovrunde-jurnalistika-avtomatlasdirma-seraitinde-heqiqetin-qorunmasi-movzusunda-tekbetek-gorus-kecirilib).
Dezinformasiya və deepfake: jurnalistin qarşısında yeni çağırış
Azərbaycan mediası üçün süni intellektin yaratdığı ən ciddi risklərdən biri dezinformasiyanın daha inandırıcı formada hazırlanması və yayılmasıdır. 2026-cı ilin əvvəlində Medianın İnkişafı Agentliyi ayrı-ayrı dövlət rəsmilərinin adından AI ilə hazırlanmış deepfake video və açıqlamaların yayılmasına qarşı bəyanatlar verib. Bu hallar göstərir ki, jurnalist üçün artıq yalnız məlumatın mənbəyini yoxlamaq kifayət etmir; foto, video və audio materialın özünün də həqiqiliyini müəyyənləşdirmək lazım gəlir (https://media.gov.az/azerbaycan-respublikasinin-medianin-inkisafi-agentliyinin-aciqlamasi-26/).
Bu şəraitdə Azərbaycan jurnalistinin əsas vəzifələrindən biri şübhəli kontenti yaymazdan əvvəl onu müxtəlif mənbələrlə müqayisə etmək, görüntünün və ya səsin ilkin mənbəyini müəyyənləşdirmək və mümkün AI manipulyasiyasını nəzərə almaqdır. Medianın İnkişafı Agentliyinin “Media savadlılığı platforması”nda da deepfake-lərin müəyyənləşdirilməsi və rəqəmsal məzmunun tənqidi qiymətləndirilməsi ilə bağlı tövsiyələr verilir.
Müəllif hüquqları və şəxsi məlumatların qorunması
AI-dən istifadə Azərbaycan mediası qarşısında müəllif hüquqları və şəxsi məlumatların qorunması ilə bağlı yeni suallar da yaradır. Jurnalist müxtəlif AI platformalarına sənədlər, müsahibə mətnləri, foto və digər materiallar yükləyərkən həmin məlumatların məxfiliyini və üçüncü şəxslərin hüquqlarını nəzərə almalıdır. Xüsusilə yayımlanmamış jurnalist materiallarının, şəxsi məlumatların və mənbələrin kimliyi ilə bağlı məlumatların açıq AI sistemlərinə ötürülməsi əlavə risklər yarada bilər.
Digər tərəfdən, AI-nin hazırladığı mətn, foto və digər kontentin istifadəsi zamanı müəlliflik hüquqları da nəzərə alınmalıdır. “Media haqqında” Qanun müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərindən mediada istifadənin müvafiq qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsini tələb edir (https://media.gov.az/media-haqqinda-azerbaycan-respublikasinin-qanunu/).
Ona görə də Azərbaycan redaksiyalarının AI-dən istifadə qaydalarında məxfilik, müəllif hüquqları və məlumat təhlükəsizliyi ayrıca prinsiplər kimi müəyyənləşdirilməsi vacibdir. Bu, AI-dən istifadənin həm hüquqi, həm də peşəkar baxımdan daha təhlükəsiz olmasına imkan verər.
Redaksiyalarda AI-dən istifadə qaydaları
Azərbaycan mediasında AI-dən istifadənin genişlənməsi redaksiyalar qarşısında yeni bir vəzifə də qoyur: bu texnologiyalardan istifadə ilə bağlı daxili qaydaların müəyyənləşdirilməsi. Redaksiyalar AI-dən hansı məqsədlərlə istifadə edilə biləcəyini, hansı məlumatların AI sistemlərinə daxil edilməsinin yolverilməz olduğunu və AI tərəfindən hazırlanmış materialların hansı qaydada yoxlanılacağını əvvəlcədən müəyyənləşdirə bilər.
Belə qaydalar jurnalistin məsuliyyətini azaltmamalı, əksinə, insan nəzarətini əsas prinsip kimi saxlamalıdır. AI ilə hazırlanmış mətn, foto, video və audio materialın dərcindən əvvəl onun doğruluğunun yoxlanılması, müəllif hüquqlarının və şəxsi məlumatların qorunması, zəruri hallarda isə materialın AI vasitəsilə hazırlandığının açıqlanması redaksiya standartının tərkib hissəsinə çevrilməlidir. Azərbaycan qanunvericiliyində də AI ilə hazırlanmış foto, video və audio materialların kütləvi nümayişi zamanı bunun açıq şəkildə nişanlanması artıq hüquqi tələb kimi müəyyən edilib.
Bu yanaşma AI-dən istifadəyə maneə deyil. Əksinə, texnologiyadan daha təhlükəsiz və məsuliyyətli istifadə üçün redaksiyalara aydın çərçivə yaradır.
Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi
tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb
Məqalələr maarifləndirici xarakterlidir. Süni intellekt sistemlərindən etik çərçivədə və effektiv şəkildə istifadə etmək vərdişlərin yaradılması prosesinə töhvə vermək məqsədilə hazırlanıb. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir.
Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Süni intellektin mediaya təsirləri: fürsətlər və risklər” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Proqram çərçivəsində ümumilikdə 12 məqalənin hazırlanıb dərc edilməsi nəzərdə tutulub.
Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər






