Xəbərlər 26.02.2025 17:01 283

Unudulmaz tarix və azadlıqdan sonra inkişaf necə davam edir? QHT sədrindən AÇIQLAMA

"Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında Xocalı faciəsinin xalqımızın qanlı yaddaşında əbədi iz buraxdığını vurğulayıb. O bildirib ki, bu faciə heç vaxt unudulmayacaq və hər il daha böyük ağrı ilə xatırlanacaq:

"Əslində Xocalı bizim həmişə şanlı tariximizin qanlı yaddaşı olaraq qalacaq. Biz bunu heç vaxt unutmayacağıq. Orada məhv olan, işgəncəyə məruz qalan insanlarımızın xatirəsi daim yaşayacaq. Amma bu gün sevindirici haldır ki, Qarabağ tam azad olunub və Xocalı çiçəklənir, inkişaf edir. Azad olunmuş bütün ərazilərdə olduğu kimi, burada da sosial və iqtisadi inkişaf sürətlə davam edir."

Zülfiyyə Nuriyeva qeyd edib ki, əhalinin doğma torpaqlarına qayıdışı və orada məskunlaşması böyük qayıdış strategiyasına uyğun olaraq həyata keçirilir. Xocalıya qayıdan sakinlər öz həyatlarını yenidən qurur, kənd təsərrüfatının və aqrar sahənin inkişafına töhfə verməyə başlayırlar:

"Məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı şəhidlərimizin ruhuna ehtiramın ifadəsidir. Bu ərazilərdə həyat davam etməli, sosial vəziyyət yüksəlməlidir. Dövlətin diqqəti, qayğısı və dəstəyi həmişə olduğu kimi, bundan sonra da davam edəcək. Lakin bu inkişafın əsas aparıcı qüvvəsi məhz sakinlərin özləri olacaq. Onlar azad olunmuş torpaqların bərpası və inkişafında fəal iştirak etməlidirlər."

O, həmçinin vurğulayıb ki, Xocalı faciəsi heç zaman unudulmamalı və gələcək nəsillərə ötürülməlidir:

"Xocalı bizim ağrılı tariximizdir və heç bir tədbirində göz yaşları olmadan iştirak etmək mümkün deyil. Bu faciə unudulmayacaq və gələcək nəsillərə ötürülməlidir ki, onlar da bu tarixi həqiqəti daim xatırlasınlar."

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı