Xəbərlər 05.12.2024 12:17 207

QHT sədri: "Könüllülərimizin fəaliyyəti gənclərin inkişafında əvəzsizdir"

"Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Beynəlxalq Könüllülər Gününü qeyd edərək, gənclərin vətənpərvərlik və intellektual inkişaf sahələrində göstərdikləri aktiv könüllü fəaliyyətlərə diqqət çəkib.

Təşkilatın rəhbəri Tükəzban Süleymanova QHT.az-a özəl açıqlamasında 2014-cü ildən fəaliyyət göstərən birliyin məqsəd və istiqamətləri barədə məlumat verərək, qeyri-formal təhsilin əhəmiyyətini vurğulayıb.

Tükəzban Süleymanova bildirib ki, təşkilatın əsas məqsədi gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi və intellektual dünyagörüşlərinin zənginləşdirilməsidir. Bununla yanaşı, gənclər üçün həm möhkəm, həm də yumşaq bacarıqların aşılanması istiqamətində müxtəlif tədbirlər keçirilir. Bu tədbirlər arasında intellektual yarışlar, viktorinalar, müsabiqələr, sərgilər, seminarlar, dəyirmi masalar, təlim və proqramlar xüsusi olaraq yer alır.

Təşkilatın həyata keçirdiyi fəaliyyətlərdə könüllülərin xüsusilə vətənpərvərlik və intellektual inkişaf sahələrindəki rolu önə çıxır. Vətənpərvərlik sahəsində könüllülər şəhid məzarlarını ziyarət edir, şəhid ailələri və qazilərlə görüşlərin təşkilində, intellektual inkişaf sahəsində isə gənclər üçün intellektual oyunlar, viktorinalar və müsabiqələrin keçirilməsində iştirak edir. Bu fəaliyyətlər, gənclərin həm vətənpərvərlik ruhunun möhkəmləndirilməsində, həm də intellektual bacarıqlarının inkişafında mühüm rol oynayır.

Tükəzban Süleymanova, Beynəlxalq Könüllülər Günündə könüllülərə təşəkkür edərək, könüllülük fəaliyyətinin gənclərin inkişafında əvəzsiz rolu olduğunu qeyd edib. O, gəncləri könüllü fəaliyyətlərə cəlb etmək üçün daha çox imkan yaratmaq və onların təcrübələrini genişləndirmək istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıb.

Qeyd edək ki, BMT Baş Assambleyası 1985-ci il dekabrın 17-də hər il dekabrın 5-nin Beynəlxalq Könüllülər Günü kimi qeyd olunması barədə qətnamə qəbul edib.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı