Vətənə fədakarlıqla bağlanmış qələm: Manya Səxavətqızının əsərləri
Manya Səxavətqızı Azərbaycan ədəbiyyatında xüsusi yer tutan bir yazıçıdır. O, şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş 11 kitabın müəllifidir və hazırda daha bir kitab üzərində çalışır. Müəllif olaraq, şəhid ailələri üçün mənəvi əhəmiyyətə malik olan bu əsərlərin önəmini dərindən anlayır. Onun "VƏTƏN FƏDAİLƏRİ" layihəsi isə məhz bu müqəddəs amalı əks etdirir. Bu layihə çərçivəsində iki cild kitab – "VƏTƏN FƏDAİLƏRİ: NAXÇIVAN ŞƏHİDLƏRİ" və "VƏTƏN FƏDAİLƏRİ: İMİŞLİ ŞƏHİDLƏRİ" oxucularla görüşüb və Müdafiə Nazirliyinin dəstəyi ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində təqdimat mərasimləri keçirilib. Təqdimatlar zamanı kitablar şəhid ailələrinə və vətənpərvər insanlara təmənnasız hədiyyə edilib.
QHT.az xəbər verir ki, layihə çərçivəsində yazılmış "ŞAHMARIN EŞQ ƏSƏRİ" və "QEYRƏT TƏCƏSSÜMÜ" adlı kitablar da Müdafiə Nazirliyinin dəstəyi ilə Azərbaycan Ali Hərbi Məktəbində təqdim olunub. "QEYRƏT TƏCƏSSÜMÜ" kitabının əlavə təqdimat mərasimləri isə Ağdamda və Naxçıvanda keçirilib. Müəllifin növbəti əsəri "VƏTƏN FƏDAİLƏRİ: ŞƏKİ ŞƏHİDLƏRİ" sentyabr ayında Şəki Dövlət Dram Teatrında şəhidlərə layiq mərasimlə təqdim edilib. Bu təqdimatlar Prezident Administrasiyasının dəstəyi ilə təşkil olunub.
Bütün bu əsərlər müəllif tərəfindən satış üçün nəzərdə tutulmayıb və təmənnasız olaraq bağışlanır. Manya Səxavətqızının yaxın zamanda yayımlanmış yeni kitabı "VƏTƏN FƏDAİLƏRİ: TOVUZ ŞƏHİDLƏRİ" təqdimatı oldu.
Manya Səxavətqızı həm də Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. O, yaradıcılığı ilə "Simurq-2021", "Dünya Qadın", "Qızıl Qələm", "Altın Palmiye-Yılın Şairi" və “Diamonds of Turkey” mükafatlarına layiq görülüb. 2024-cü ildə isə “Diamonds of Azerbaijan” mükafatına layiq görülməsi onun istedadının və Vətənə sevgisinin geniş şəkildə tanınmasının təcəssümüdür.
Manya Səxavətqızı öz yaradıcılığı ilə şəhidlərimizin əbədi xatirəsini yaşadan bir yazardır. Onun kitabları xalqımıza böyük mənəvi güc bəxş edir və vətənpərvərlik ruhunun yaşadılmasına xidmət edir.
Pərvanə Fərhadqızı
QHT.az