Xəbərlər 24.10.2024 23:21 6930

Qərbi Azərbaycanla bağlı saytın və “Danışır tarix” filminin təqdimatı olub - FOTOLAR +VİDEO

Oktyabrın 24-də Hüquq və İnsan Haqları İnstitutunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən “Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi” layihəsinin yekun tədbiri keçirilib.

Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan layihə çərçivəsində qerbiazerbaycanirsi.az ( westernazheritage.com ) elektron bazasının və “Danışır tarix” filminin təqdimatı olub.
 

"İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə layihənin məqsədləri ilə bağlı tədbri iştirakçılarını məlumatlandırıb.

Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə layihənin əhəmiyyətindən və informasiya mübarizəsində Azərbaycanın uğurlarından danışıb. M. Quluzadə qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı informasiya mübarizəsində əvvəllər geri qalsaq da, alimlərimizin və ictimai fəalların fəaliyyəti sayəsində bu sahədə indi vəziyyət yaxşılaşıb.

Məhəmməd Quluzadə çıxışında Qərbi Azərbaycan icmasının rolunu xüsusi qeyd etdi və bu istiqamətdə aparılan işlərə dəstək göstərilməsinin vacibliyini vurğuladı. O, həmçinin beynəlxalq hüququn Azərbaycan tərəfinin mövqeyini dəstəklədiyini və bu sahədə birgə səylərin davam etdirilməli olduğunu bildirdi.
 

Tədbirdə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov qeyd etdi ki, Qərbi azərbaycanlıların qayıdış hüququnun təmin olunması uğrunda aparılan mübarizədə qeyri-hökumət təşkilatlarının rolu danılmazdır. O vurğuladı ki, Vətən müharibəsində hərbi qələbə qazanan Azərbaycan, indi informasiya müharibəsində də öz mövqeyini gücləndirməlidir.
 

 

 

 

Sonra  layihə rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, saytın yaradılmasında əsas məqsəd Qərbi Azərbaycan mövzusu ilə bağlı proseslərə töhfə verməkdir. O qeyd edib ki, Qərbi Azərbaycanda azərbaycanlılara məxsus maddi-mədəni irs nümunələri ermənilər tərəfindən dağıdılıb və ya saxtalaşdırılıb. Toponimlərin dəyişdirilməsi və azərbaycanlılara məxsus abidələrin erməniləşdirilməsi bu siyasətin bir hissəsi olub. Bu baxımdan Qərbi Azərbaycanın tarixi irsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün daha çox resursların yaradılmasına ehtiyac var.
 

“Bizdə Qərbi Azərbaycanın abidələri haqqında kitablar var və bir neçə saytda da abidələr haqqında məlumatlar mövcuddur. Lakin bu tipli elektron baza ilk dəfədir yaradılır. Bu elektron bazaya maddi-mədəni abidələrlə bağlı məlumatlar Azərbaycan və ingilis dillərində toplanılıb. E-bazada müxtəlif kriteriyalar üzrə: yerləşmə ərazisinə, növünə və əlifba sırasına görə axtarış sistemi qurulub. İlkin mərhələdə 250-yə yaxın maddi-mədəni abidə haqqında məlumatlar işlənilib bazaya daxil edilib”, - deyə Cəsarət Hüseynzadə bildirib.
 

Sonra "www.qerbiazerbaycanirsi.az" saytı haqqında videoçarx nümayiş olunub, saytın texniki imkanları və kontenti təqdim edilib.


 

İctimai birliyin sədri diqqətə çatdırıb ki, layihə çərçivəsində “Danışır tarix” adlı film də hazırlanıb. Film “Səlim karvansarası”, “Təpəbaşı məscidi” və “Əmir Səəd məqbərəsi” kimi tarixi abidələrdən bəhs edir.
C.Hüseynzadə vurğulayıb ki, Ermənistan ərazisində Azərbaycan abidələrinin ermənilər tərəfindən məhv edilməsi böyük tarixi və mədəni itkilərə səbəb olub. Bu abidələr Azərbaycan xalqının qədim tarixini və zəngin mədəni irsini əks etdirən dəyərli mənbələrdir. Onların məhv edilməsi milli kimliyin və mədəni irsin izlərini silmək cəhdidir. Xüsusilə məscidlər, məqbərələr, qalalar və qədim şəhərlər bu vandalizm aktlarından zərər çəkib. Beynəlxalq ictimaiyyət və mədəni irsin qorunması ilə məşğul olan təşkilatlar bu məsələyə diqqət yetirməlidir.
Filmin çəkilişlərinə tanınmış tarixçi və araşdırmaçı alimlər cəlb olunub.


Film nümayiş etdirildikdən sonra Milli Məclisin deputatları, vətəndaş cəmiyyəti nümayəndələri elektron baza və film haqqında fikirlərini bildiriblər.

 

Milli Məclisin deputatı Vüqar İskəndərov Azərbaycan-Ermənistan münaqişəsi və informasiya mübarizəsinin əhəmiyyətini vurğulayıb. O, isti müharibə dövrünün bitməsinə baxmayaraq, informasiya cəbhəsində mübarizənin davam etdiyini qeyd edərək, Azərbaycanın burada daha fəal olması gərəkdiyini bildirib. V.İskəndərov Ermənistanın yalan məlumatlarla dolu filmlər çəkdiyini və beynəlxalq arenada nümayiş etdirdiyini vurğulayaraq, Qarabağ müharibəsi ilə bağlı Azərbaycan filmlərinin dünya səhnəsində təbliğinin vacibliyini qeyd edib: "Biz gecikirik, erməni tərəfi artıq Oskara namizəd filmlərlə irəlidədir."

O, həmçinin, erməni dili və ermənişünaslıq üzrə mütəxəssislərin hazırlanmasının vacibliyini də qeyd edib. Türkiyənin tarixi filmlər vasitəsilə dünya miqyasında uğurlu təbliğat strategiyasını nümunə göstərən deputat, Azərbaycanın da bu yanaşmanı mənimsəməli olduğunu bildirib.

 

Milli Məclisin deputatı Pərvanə Vəliyeva Qərbi Azərbaycanlıların XX əsrdə dörd dəfə deportasiyaya məruz qalmasının BMT-nin İnsan Hüquqları Konvensiyasına və digər beynəlxalq sənədlərə zidd olduğunu vurğulayıb: "Bu deportasiyalar zamanı qeyri-insani rəftar, Azərbaycan xalqı üçün tarixi faciədir." O, Azərbaycanın mədəni irsinin Ermənistan tərəfindən məhv edilməsinə də diqqət çəkərək UNESCO-nun bu sahədə daha fəal olmasını tələb edib. Deputat həmçinin, gənclərin bu həqiqətləri gələcək nəsillərə çatdırmaqda mühüm rol oynadığını qeyd edərək, beynəlxalq platformalarda bu faktları tanıtmağın vacibliyini vurğulayıb.

 

Milli Məclisin deputatı Məşhur Məmmədov informasiya mübarizəsində cəmiyyətin birgə çalışmasının əhəmiyyətini vurğulayıb. O, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyini qeyd edərək bildirib ki, bu mövzuda iki dildə hazırlanan film mühüm addımdır və digər qeyri-hökumət təşkilatlarının da bu işə qoşulacağına ümid edir: "Azərbaycan cəmiyyəti səfərbər olmalı və tarixi həqiqətləri dünyaya çatdırmalıdır."

 

 

Tədbirin sonunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən bir qrup deputat, tarixçi və araşdırmaçı alim fəxri fərmanlarla təltif ediliblər.

 


 

 


 
 

Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı