Xəbərlər 28.04.2024 01:33 2634

VÜSALI HİCRANDAN ÖNDƏ  – Yeni şeirlər

VÜSALI HİCRANDAN ÖNDƏ  – Yeni şeirlər

 

QHT.AZ  Arif Fərzəlinin yeni şeirlərini təqdim edir.


Arif Fərzəli (Fərzəliyev Arif Xudakərim oğlu) 1956-cı ildə Masallı rayonunun  Xırmandalı kəndində ziyalı ailəsində anadan olub.
1978-ci ildə  Azərbaycan Dövlət  Universitetinin (indiki BDU-nun) kimya fakültəsini, 1991-ci ildə Moskva şəhərində M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsini bitirib.
Yarım əsrə yaxındır ki, bədii yaradıcılıqla məşğuldur. Şeirləri, publisistik yazıları “Azərbaycan”, “Literaturnıy Azərbaydjan”, “Ulduz”, “Gənclik”,  “Karvan”, “Söz” jurnallarında, almanaxlarda, onlarca qəzetdə çap edilib. 
“Toxuma həsrət torpaq”, “Sizin dünya”, “Ömür yarımçıq qalmır”, “Yağışa düşən qərib”, “Tarix kitabı” və “Ömürdən iki yarpaq” kitablarının müəllifi, Azərbaycan Yazıçılar  Birliyinin üzvüdür.

 

 

Güllə

 

İlk hecası – gül,
amma şakəri
güldürməkdən tamam uzaq –
insanı öldürüb,
insan ağlatmaq...

İlk hecası – gül,
amma nəfəsində
gül yox,
barıt qoxusu var...
Torpaq yerinə,
dibçək əvəzinə,
sinələrdə
qırmızı “gül”lər açdırar...

 


Ruhun ruhlar təməli 
General-mayor Polad Həşimovun xatirəsinə

 

Uca dağ başında qalanmış
gur tonqala döndü,
Oğuz elinin
hər tərəfindən göründü
şəhidliyin.
Bu ulu çağırış
hamımızı silkələdi,
köklədi
əsir düşmüş
yurd yerlərimizin xilasına,
düşməni qovub,
öz üçrəngli bayrağımızı
sancdıq Şuşa qalasına.
Ruhun ruhlar təməli –
ruhumla sən də vardın
sıramızda o gün,
neçə-neçə şəhidin
döş cibindən çıxdı
qana bələnmiş şəklin...
Oğuz elinin
hər tərəfindən göründü,
hər tərəfində
dastana döndü
şəhidliyin...

 


Vüsalı hicrandan öndə 

 

Qapısından şəhid girə,
O həyət çökməzmi ola?!.
Ahənrüba tək hamını 
Özünə çəkməzmi ola?!.

 

Enib gələr quşlar belə,
Bir oxşama başlar belə.
Muma dönüb, daşlar belə
Göz yaşı tökməzmi ola?!.

 

Ucalıq var ölümündə,
Vüsalı hicrandan öndə.
Şəhid elə ölümün də 
Dizini bükməzmi ola?!.

 

Qürur qoymaz ana sına,
Yenilməz dərd - bəlasına.
Qəlbində öz balasına 
Bir qala tikməzmi ola?!.

 

 

Ey söz
Dostum Seyfəddin Əliyev üçün

 

Ey kökü, mayası, ruhu, ahəngi
Torpaqdan, atəşdən, sudan, havadan!
Nadanlar dilində qərib, didərgin,
Ariflər dilində yeri abadan!

 

Füzuli vəsfində məqamın – yerin
İnsandan o yana, Allahdan bəri,
Bəs indi mən sənə nə qiymət verim
Getməsin irəli, qalmasın geri?..

 

Ey bəzən bir anın bəhəri – barı,
Bəzən gecələrnən çəkilən yuxum!
Adicə qələmlə qəlblərə sarı
İllərin altından atdığın lağım!

 

Mən söz yazmamışam, söz yaşamışam,
Varlığım yoğrulub mehrindən sənin.
Bir ömür ələknən su daşımışam,
Çıxa bilməmişəm sehrindən sənin.

 

Ey kökü, mayası, ruhu, ahəngi
Torpaqdan, atəşdən, sudan, havadan!
Nadanlar dilində qərib, didərgin,
Ariflər dilində yeri abadan!


 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı