Xəbərlər 19.02.2024 16:28 2019

İnklüziv Sosial İnkişaf və Sosial Təminat üzrə İşçi qrupunun növbəti iclası olub

“İnklüziv sosial inkişaf və sosial təminat” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.

 

İclas “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2023-cü il üçün nəzərdə tutulmuş hədəfləri çərçivəsində “İnkişafdan hər bir vətəndaşın bəhrələnməsi” və “Yüksək və ədalətli sosial təminat” (“Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” Milli Prioriteti) məqsədləri üzrə ötən il görülmüş işlərlə bağlı monitorinq və qiymətləndirməyə dair ümumi hesabatın müzakirəsinə həsr olunub.

 

İşçi qrupun sədri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Strategiyadakı qeyd olunan məqsədlərin icrası sahəsində atılan mühüm addımların 2023-cü ildə də davam etdiyini bildirib. Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin nailiyyətləri, aparılan sosial islahatların uğurları diqqətə çatdırılıb. Ötən il də əməkhaqqı və pensiyalarda, müavinət və təqaüdlərdə növbəti artımların edildiyi vurğulanıb.

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov Mərkəz tərəfindən aparılan monitorinqin yekunlarına dair məlumat verib. Müvafiq monitorinq və qiymətləndirməyə dair ümumi hesabat diqqətə çatdırılıb. İşçi qrupun üzvləri hesabat üzrə müzakirələr aparıb, rəy və təkliflərini diqqətə çatdırıblar.

 

İşçi qrupunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə yanaşı, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxs, Mərkəzi Bank, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Gənclər Fondunun rəhbər şəxsləri təmsil olunurlar.

 

Baş nazir Əli Əsədovun 12 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 İşçi qrup yaradılıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı