Forum haqqında QHT sədrinin fikirləri...
Dövlətimizin ötən əsrin sonunda müstəqillik əldə edərək demokratik inkişaf yolunu seçmiş ölkələrlə, xüsusilə də şərq ölkələri ilə qurduğu əlaqələr hər iki tərəfin iqtisadi, sosial və mədəni sahələrdə davamlı inkişafının təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Bu əlaqələrin möhkəmlənməsində vətəndaş cəmiyyətini təmsil edən qeyri-hökumət təşkilatlarının rolu danılmazdır.
Müxtəlif ölkələrdə fəaliyyət göstərən QHT-lər dövlətlərarası dialoqun genişlənməsində, bu və ya digər sahədə əməkdaşlıq üzrə imzalanmış saziş və müqavilələrdən qaynaqlanan tədbirlərin, birgə layihələrin həyata keçirilməsində fəal iştirak etməklə həm vətəndaş cəmiyyətinin inkişafına, həm də xalqlar və ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə ciddi təkan vermək imkanına malikdir.
Bu baxımdan ölkəmizdə - işğaldan azad edilmiş Fizuli şəhərində - ilk dəfə olaraq keçirilən beynəlxalq tədbir - Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu mühüm əhəmiyyətə malikdir. Forumun Özbəkistanın Azərbaycan hökumətinə hədiyyə etdiyi məktəbdə həyata keçirilməsi də rəmzi məna daşıyır.
Tədbirdə Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə Özbəkistanda fəaliyyət göstərən donor təşkilatlar arasında əməkdaşlıq barədə memorandumun imzalanması da olduqca önəmlidir.
Azərbaycan və Özbəkistanın vətəndaş cəmiyyəti təsisatları arasında əlaqələri möhkəmlədəcək, təcrübə mübadiləsinə geniş imkan verəcək bu mühüm tədbirin təşkilində əməyi olan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə iş və kommunikasiya şöbəsinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərlikləri və əməkdaşlarına “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi adından təşəkkürümü bildirir, azərbaycanlı həmkarlarıma və Özbəkistanın donor təşkilatları təmsilçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıram.
Ruhiyyə Məmmədova,
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri