"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova şəhidlə bağlı həssas məzmunların sosial şəbəkələrdə yayılması haqda fikirlərini açıqlayıb.
QHT.az həmin fikirləri təqdim edir:
"İlk növbədə, bu cür həssas və ağrılı hadisələrin videolarının yayılmasını və paylaşılmasını doğru hesab etmirik və bunu qınayırıq. Son günlər sosial şəbəkələrdə bu hadisə ilə bağlı müxtəlif videolar paylaşılır. Amma unutmamalıyıq ki, hər hadisənin arxasında insanlar, ailələr və ən əsası uşaqlar var. Şəhidin özü artıq burada deyil və baş verənlərə cavab vermək imkanı yoxdur. Amma onun valideynləri, həyat yoldaşı və övladları bu hadisələrin ağırlığını daşıyırlar. Sabah bu uşaqlar böyüyəndə, valideynləri və ailələri haqqında məlumat əldə etdikdə, bu görüntülər və yaşananları bu formada görmək onlar üçün ağır psixoloji zərbə və əlavə travma yarada bilər. Bir insanın etdiyi və ya etmədiyi hər nə varsa, bunun yükünü uşaqların və ailənin daşıması doğru deyil. Həssas məsələlərdə daha diqqətli, daha vicdanlı və daha məsuliyyətli davranmaq hər kəsin borcudur".
Fatimə Nəbiyeva












