"Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir".

Bu fikirləri Gənc Vətənpərvərlər İctimai Birliyin sədri, ictimai xadim Müqamət Süleyman oğlu Əliyev (Muğan) QHT.az-a açıqlamasında bildirib.

Muğan Əliyev bildirib ki, 1993-cü ilin iyun hadisələri Azərbaycanın müstəqilliyi üçün həlledici sınaq idi:

Heydər Əliyevin adı tariximizə həm də böyük xilaskar kimi düşüb. XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı.

M. Əliyevin sözlərinə görə, həmin dövr ölkənin müasir tarixində ən mürəkkəb mərhələlərdən biri kimi yadda qalıb:

Beləliklə, 1991–1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə düzgün qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, ən adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə bağlı idi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş verən proseslərdən düzgün nəticə çıxara bilmirdi.

İctimai xadim vurğulayıb ki, Ulu Öndər həmin təhlükəli vəziyyəti illər sonra belə xarakterizə etmişdi:

Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi…”

Muğan Əliyev qeyd edib ki, xalqın böyük əksəriyyəti çıxış yolunu Heydər Əliyevin liderliyində görürdü:

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət və əhalinin ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu göstərirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir.

M. Əliyevin sözlərinə görə, xalqın tələbi ilə Heydər Əliyevin Bakıya qayıdışı tarixi dönüş nöqtəsinə çevrildi:

Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycanı böyük təhlükələrdən xilas etmək missiyasını öz üzərinə götürdü. Həmin gün ölkəmizin taleyində dönüş nöqtəsi oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı.

Muğan Əliyev bildirib ki, qurtuluşdan sonra ölkədə sabitliyin bərpası istiqamətində mühüm addımlar atıldı:

Qurtuluşdan inkişafa: müdrik siyasətin uğurlu nəticələri

İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.

İctimai xadim vurğulayıb ki, Heydər Əliyev dövlətin xilası naminə bütün məsuliyyəti üzərinə götürmüşdü:

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini və sabitliyi son dərəcə vacib hesab edirdi. O qeyd edirdi ki, ictimai-siyasi sabitlik olmadan heç bir sosial-iqtisadi proqramın həyata keçirilməsi mümkün deyil.

Muğan Əliyevin sözlərinə görə, həyata keçirilən siyasət ölkəni vətəndaş müharibəsi təhlükəsindən uzaqlaşdırdı:

Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada hökm sürən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, Azərbaycan vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.

M. Əliyev qeyd edib ki, xalqın etimadı Heydər Əliyevin prezident seçilməsi ilə öz təsdiqini tapdı:

1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqın böyük əksəriyyətinin dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun hakimiyyətə qayıdışından sonra ölkədə baş verən sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, beynəlxalq aləmə inteqrasiyasında və modern cəmiyyət quruculuğunda mühüm rol oynadı.

Muğan Əliyev bildirib ki, Milli Qurtuluş Günü sonradan dövlət səviyyəsində qeyd olunmağa başladı:

Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilməyə başladı.

İctimai xadim vurğulayıb ki, həmin dövrdə dövlətçilik strategiyasının əsasları müəyyən edildi:

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu uğurla həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qorumaq və inkişaf etdirmək idi. Bu isə Heydər Əliyevin siyasi iradəsi sayəsində reallığa çevrildi.

M. Əliyevin sözlərinə görə, sabitlik və beynəlxalq əlaqələrin genişlənməsi qısa müddətdə mühüm nəticələr verdi:

Qısa müddət ərzində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Azərbaycanın dünya ictimaiyyətində obyektiv tanıdılması istiqamətində mühüm addımlar atıldı. İyunun 20-də yerli və xarici jurnalistlər üçün brifinq keçirildi, iyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşlər təşkil olundu. Bu siyasət nəticəsində ölkə informasiya blokadasından çıxdı və beynəlxalq aləmdə Azərbaycan haqqında formalaşan fikir müsbət istiqamətdə dəyişməyə başladı.

Muğan Əliyev qeyd edib ki, Heydər Əliyevin siyasi təcrübəsi ölkənin müstəqilliyinin əsas təminatına çevrildi:

Məhz belə mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Onun uzaqgörənliyi, qətiyyəti və siyasi idarəetmə bacarığı böhrana son qoydu, xalq Azərbaycançılıq ideyaları ətrafında birləşdi.

Fattimə Nəbiyeva