Qızların təhsili üçün çalışan beynəlxalq qeyri-hökumət təşkilatı olan "Malala Fund" təşkilatının yeni baş icraçı direktoru Nabila Aguele vəzifəyə keçdikdən sonra fondun fəaliyyətində yeni bir yanaşma tətbiq etməyə başlayıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, Nabila Aguele aprelin 1-də vəzifəsinin icrasına başlayıb. O, təşkilata rəhbərlik edən ilk Afrika mənşəli baş icraçı direktordur və qarşısında 2030-cu ilə qədər 100 milyon dollarlıq vəsait toplamaq və 50 milyon dolları qızların təhsilini dəstəkləyən layihələrə qrant şəklində yönəltmək kimi böyük bir məqsəd dayanır. Yeni icraçı direktorun rəhbərliyi ilə fond yalnız məktəblərə çıxışı artırmağa yox, həm də qızların təhsil hüququnu gücləndirməyə fokuslanır.
Yeni strategiya “grantmaking plus” adlanır. Bu yanaşmaya görə, Malala Fund yalnız qeyri-hökumət təşkilatlarına və yerli icmalara maliyyə dəstəyi vermir, eyni zamanda hökumətləri də qızların təhsilinə daha çox sərmayə qoymağa təşviq edir. Yəni fond həm birbaşa layihələri maliyyələşdirir, həm də sistemli dəyişiklik üçün siyasi və ictimai təzyiq göstərir.
Rəhbər bu yanaşmanı izah edərək bildirir ki, uğur təkcə məktəbə çıxışla ölçülməməlidir. Onun fikrincə, əsas məqsəd qızların öz hüquqlarını qoruyaraq, gələcəkdə cəmiyyətdə daha güclü rol oynamasıdır. O qeyd edir ki, təhsil yalnız imkan deyil, həm də güc və qərarvermə bacarığı qazandırmalıdır.
Bu strategiya ilə "Malala Fund" qızların təhsilini dəstəkləməklə yanaşı, daha geniş miqyasda sosial dəyişiklik yaratmağı hədəfləyir.






