Fransanın inkişaf agentliyi olan Agence Française de Developpementin (AFD) baş direktoru Remy Rioux 10 illik fəaliyyətindən sonra mayın 11-də vəzifəsindən ayrılacağını açıqlayıb. O, bu müddət ərzində Fransanın beynəlxalq inkişaf və iqlim maliyyəsi siyasətində mühüm dəyişikliklər həyata keçirən əsas fiqurlardan biri kimi tanınıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, Remy Rioux-un rəhbərliyi dövründə AFD-nin illik maliyyə öhdəlikləri təxminən 14 milyard avroya çataraq iki dəfə artıb. Agentlik fəaliyyətini Paris İqlim Sazişinə uyğunlaşdırıb və Fransanın iqlim maliyyəsinin əsas qurumlarından birinə çevrilib. Rioux həmçinin 2020-ci ildə yaradılan və dünyanın 500-dən çox dövlət inkişaf bankını birləşdirən “Finance in Common” təşəbbüsünün qurucusu olub. Bu platformanın məqsədi maliyyə sistemlərini Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun istiqamətləndirməkdir.
Onun rəhbərliyi dövründə AFD beynəlxalq layihələrə daha çox dəstək göstərib, xüsusilə də iqlim dəyişiklikləri, yoxsulluğun azaldılması və dayanıqlı inkişaf sahələrində fəaliyyətini genişləndirib. Rioux hesab edirdi ki, ənənəvi inkişaf yardımı modeli artıq kifayət deyil və dövlətlə yanaşı özəl investisiyalar da inkişaf prosesinə daha çox cəlb olunmalıdır.
Lakin onun fəaliyyəti çətin bir dövrdə başa çatır. Son illərdə bir çox inkişaf etmiş ölkələrdə xarici yardım büdcələri azalır və inkişaf agentliklərinə qarşı siyasi təzyiqlər artır. Fransada da bəzi sağçı siyasi qruplar AFD-nin fəaliyyətini tənqid ediblər. Buna baxmayaraq, Rioux beynəlxalq inkişaf sisteminin yenilənməsi və iqlim maliyyəsinin gücləndirilməsi istiqamətində əsas müdafiəçilərdən biri kimi qiymətləndirilir.
Mütəxəssislər hesab edir ki, onun rəhbərliyi dövründə AFD təkcə Fransanın deyil, ümumilikdə beynəlxalq inkişaf sektorunun ən təsirli qurumlarından birinə çevrilib. Rəhbərin vəzifədən ayrılmasından sonra isə qurumun gələcək istiqaməti və yeni rəhbərliyin hansı siyasəti davam etdirəcəyi maraq doğurur.






