Xəbərlər 19.06.2025 16:57 76

Hibrid təhdidlərə qarşı mübarizə və əsaslı dəyişiklik üçün belə layihələr vacibdir - FOTOLAR

Bu fikir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi  ilə  “Yeni Fikir” JHİB tərəfindən həyata keçirilən “Hibrid təhdidlərə qarşı yerli mediada iş”  layihəsi çərçivəsində Qax şəhərində  keçirilən “Xarici müdaxilələr və hibrid təhdidlər” mövzusunda “Dəyirmi masa”-da  dönə-dönə vurğulandı.

QHT.az xəbər verir ki, Rayon mərkəzi kitabxananın oxu zalında toplaşan iştirakçılar öncə şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edirlər. Sonra layihə rəhbəri  layihənin məqsəd və məramı  ilə iştirakçıları  tanış edilir.  Bildirir ki, layihənin məqsədi  ictimai rəyi çaşdırmaq üçün mediada və sosial şəbəkələrdə müxtəlif vasitələrə əl atanların iç üzünü və çirkin məqsədlərini böyüyən nəslə və gənclərə tanıtmaq, onların vətənpərvəlik hisslərini artırmaq, milli-mənəvi və ailə dəyərlərimizlə uzlaşmayan yad dəyərlərin cəmiyyətimizə  yol açmaması üçün onları ayıq-sayıq olmağa təşviq etməkdir.

Təlimçi İbrahim İbrahimov  çıxış edərək demişdir:- Son illərdə qlobal səviyyəli dezinfor­masiyalar intensiv şəkildə paylaşılır və ayrı-ayrı ölkələri deyil, bütövlük­də, dünyanı fəlakətə sürükləyir. Azərbaycan da qlobal səviyyəli dezinformasiyalardan zərər çəkən ölkələr sırasındadır. Ölkənin strateji mövqeyi, qoşulduğu lokal və qlobal layihələr, həmçinin Ermənistanla münaqişə vəziyyətində olması onu total xarakterli dezinformasiya axınının hədəfinə çevirir. 2024-cü ilin iyul ayında keçirilən II Şuşa Qlobal Media Forumu zamanı qeyd olundu ki, Azərbaycan öz müstəqilliyini elan etdiyi tarixdən başlayaraq bu günə qədər dezinformasiya axınına məruz qalır. Problem 2020-ci ildə–44 günlük müharibə dövründə daha qabarıq şəkildə üzə çıxıb.

Bu cür maarifləndirici tədbirlərin təşkil olunması Azərbaycanda internet istifadəçilərinin savadlılığının inkişaf etdirilməsini stimullaşdırır, nəticədə ölkəmizə qarşı yönəlmiş dezinformasiyaların ifşa edilməsinə şərait yaradır.

“Dəyirmi masa” iştirakçılarından Xavər Əfəndiyeva, Aytən Məhyəddinova, Reyhan Xəlilova , Solmaz Əfəndiyeva, Nana Tartaraşvili və başqaları Vətən torpaqlarını işğaldan azad edən  müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlardan, Rəşadətli Azərbaycan əsgər və zabitlərinin addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçmələrindən, torpaqlarımızın qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edilməsindən fəxrlə danışmışlar.  Onlar qeyd etdilər ki, heç bir xarici müdaxilə sakitliyimizi poza, qələbəmizə isə xələl gətirə bilməz. Bu günün Azərbaycan gəncliyi hərb meydanında qalib gəldiyi kimi, informasiya məkanındakı hibrid müharibəsinə də qalib gəlmək əzmindədir.

İştirakçılar müzakirələrdə fəal iştirak edərək ekspertlərə müxtəlif suallar ünvanlamışlar.  Müzakirələr çay süfrəsi arxasında davam etmişdir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı