"Ağdaban faciəsi hələ də beynəlxalq hüquqla soyqırım kimi tanınmayıb" - Zenfira Mustafayeva
Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az-a açıqlamasında Ağdaban faciəsinin xalqımızın yaddaşında ən qanlı səhifələrdən biri olduğunu bildirib.
Onun sözlərinə görə, bu faciə Kəlbəcərin işğalından bir il öncə, erməni silahlı birləşmələri tərəfindən törədilib.
“Erməni daşnakları kəndə soxularaq dinc əhaliyə divan tutublar, eyni zamanda tariximizi məhv etmək məqsədilə əlyazmaları və digər tarixi sənədləri yandırıblar. Kənd sakinlərinin igidliyinə heyran olmamaq mümkün deyil – bu təcavüzə baxmayaraq, kənd əhalisi doğma torpağı tərk etmədi və 1993-cü ildə yenidən ermənilər tərəfindən ağır hücumlara məruz qaldılar,” – deyə Zenfira Mustafayeva bildirib.
QHT sədri qeyd edib ki, həmin dövrdə Kəlbəcərdən olan məcburi köçkünlərə digər bölgələrdəki əhali tərəfindən sığınacaq verilib, onlara mənəvi və maddi dəstək göstərilib. İctimai birliyin təşəbbüsü ilə Kəlbəcər və Laçından olan qadın və qızlar üçün psixoloji seanslar təşkil olunub, həmçinin onların xalçaçılıqla məşğul olması üçün avadanlıqlar təmin edilib. “Toxuduqları xalçaları sataraq maddi baxımdan özlərini təmin edə bilirdilər. Mənə də bir xalça hədiyyə ediblər və bu xalça mənim üçün çox dəyərlidir,” – deyə o əlavə edib.
Zenfira Mustafayeva təəssüflə bildirib ki, Ağdaban faciəsi bu günə qədər beynəlxalq hüquq çərçivəsində soyqırım cinayəti aktı kimi tanınmayıb: “Bu faciənin törədilmə forması və xarakteri 9 dekabr 1948-ci il tarixində qəbul olunmuş "Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında’" Konvensiyanın müddəalarına tam uyğundur. Biz QHT olaraq susmamalı, daima səsimizi beynəlxalq tribunalarda ucaltmalı və xalqımıza qarşı törədilən bütün soyqırımların cinayət olduğunu sübut etməliyik.”
Pərvanə Fərhadqızı
QHT.az