Xəbərlər 11.02.2025 13:38 443

“Qohum nikahlarının qarşısının alınması və genetik xəstəliklərin azaldılması üçün ciddi addımlar atılacaq” - Ayaz Hüseynov

Bu gün Ümumdünya Xəstə Günündə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının idarə heyətinin sədri Ayaz Hüseynov QHT.az-a özəl açıqlama verib. O, Azərbaycanda qohum nikahlarının genetik xəstəliklərin artmasına səbəb olduğunu və bu problemin həlli üçün dövlət tərəfindən konkret tədbirlərin həyata keçirilməsinin planlaşdırıldığını bildirib.

Ayaz Hüseynov qeyd edib ki, artıq bu ilin iyul ayından etibarən qohum nikahlarının qarşısının alınması istiqamətində tədbirlərə başlanacaq. Bununla yanaşı, genetik laboratoriyaların təkmilləşdirilməsi və əlçatanlığının artırılması da vacib amillərdən biri kimi vurğulanıb:

"28 fevral tarixində Beynəlxalq Nadir Xəstəliklər Günü qeyd olunacaq. Bu münasibətlə TƏBİB və Pasiyent Təşkilatları İttifaqı tərəfindən genişmiqyaslı elmi konfrans keçiriləcək. Konfransda müxtəlif ağır və nadir xəstəliklərin klinikası, müalicə üsulları və müasir yanaşmalar müzakirə ediləcək. Əlbəttə ki, konfrans bitdikdən sonra Pasiyent Təşkilatları İttifaqı tərəfindən aidiyyəti dövlət səhiyyə qurumlarına təkliflər irəli sürüləcək. Təcrübə göstərir ki, hər belə elmi konfransdan sonra xəstəliklərdən əziyyət çəkən pasiyentlərə dövlət tərəfindən daha çox diqqət ayrılır və problemlərin həlli istiqamətində mühüm addımlar atılır. Biz bu ənənəni davam etdirəcəyik. Məqsədimiz odur ki, heç bir xəstəlikdən əziyyət çəkən insan diqqətdən kənarda qalmasın. Xüsusilə də nadir xəstəliklərdən əziyyət çəkən insanların problemləri daim gündəmdə olsun. Əgər bu xəstəliklərin müalicəsi mövcuddursa, pasiyentlərin şəfa tapması üçün əlimizdən gələni edəcəyik".

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı