"QHT-lərin əsas prioritetləri dəyişkən mühitə uyğunlaşmaq və sosial ehtiyaclara cavab verməkdir” - QHT sədri
“Qadın və Müasir Dünya” Mərkəzinin direktoru Südabə Şirəliyeva QHT.az-a açıqlamasında 2025-ci ildə qeyri-hökumət təşkilatlarının fəaliyyət prioritetləri haqqında fikirlərini bölüşüb.
O, bildirib ki, QHT-lər üçün əsas məqsədlərdən biri təhsil, səhiyyə və məşğulluq sahələrində humanitar layihələrin icrası və həssas əhali qruplarının ehtiyaclarının qarşılanmasıdır. Bu məqsədlərə nail olmaq üçün yerli və beynəlxalq donorlarla əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.
Südabə Şirəliyeva əlavə edib ki, Cənubi Qafqaz kimi qeyri-sabit bölgələrdə təşkilatların çevik və qısa müddətli strategiyalarla fəaliyyət göstərməsi daha effektiv nəticələr verir. Onun rəhbərlik etdiyi təşkilat artıq uzunmüddətli planlardan 2-3 illik strateji planlara keçib, bu da dəyişkən mühitlərə daha sürətli uyğunlaşmağa imkan yaradır.
"2025-ci ildə QHT-lərin əsas vəzifəsi sosial birlik və davamlı inkişafı təşviq edərək, həm yerli, həm də qlobal çərçivələrdə məqsədyönlü fəaliyyətlər həyata keçirməkdir," – deyə o vurğulayıb.
Pərvanə Fərhadqızı