Xəbərlər 02.12.2024 18:35 159

Çoxuşaqlı ailələrin pensiya hüquqları və yığım sistemi: Elşad Məmmədovla MÜSAHİBƏ

Son illərdə Azərbaycanda sosial müdafiə sahəsində əhəmiyyətli islahatlar həyata keçirilib. Xüsusilə çoxuşaqlı ailələrin pensiya hüquqları, yığım pensiyası modelinin təsirləri və bu sistemin davamlılığı geniş müzakirə mövzusuna çevrilib. Mövcud pensiya modeli işləyən vətəndaşların əmək fəaliyyəti dövründə yığdığı kapitalın gələcəkdə onların sosial təminatını təmin etməsi prinsipi üzərində qurulub. Bu məsələləri aydınlaşdırmaq və gələcəkdə pensiya sistemində hansı dəyişikliklərin baş verə biləcəyini öyrənmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədovla söhbət etdik.

 

QHT.az: Azərbaycanda çoxuşaqlı ailələrə tətbiq edilən pensiya güzəştləri ilə bağlı nə düşünürsünüz? Bu, iqtisadi yük baxımından dövlət büdcəsinə necə təsir edə bilər?

Elşad Məmmədov: Çoxuşaqlı ailələrə pensiya güzəştləri verilməsi, bu kateqoriyaya aid olan şəxslərin pensiyaya beş il daha tez çıxmalarına imkan tanıyır. Lakin, dövlət büdcəsi baxımından bu, sosial yönümlü xərclərin artımına səbəb ola bilər. Bu artımın nə qədər davam edəcəyini və büdcə yükünü necə tarazlaşdıracağımızı müzakirə etmək vacibdir. Təklif olunan güzəştlərin, sosial ödənişlər sistemində bərabərliyi və ədaləti təmin etməklə yanaşı, daha geniş sosial təbəqələrin dəstəklənməsinə kömək etməsi vacibdir.

 

QHT.az:  Çoxuşaqlı ailələrin pensiya hüquqları ilə bağlı hansı əlavə resurslar tələb oluna bilər və bu resursların təmin olunması yolları nə ola bilər?

Elşad Məmmədov: Əlavə resurslar, dövlət büdcəsinin daha böyük sosial ödənişləri əhatə etməsi və sosial təminat sisteminin effektivliyinin artırılmasına yönəldilə bilər. Bu, həm də pensiya sistemindəki yığım və sosial müavinətlərin balansını saxlamağa kömək edə bilər. Dövlət, bu resursları toplamaq üçün iqtisadi artımı sürətləndirməli və yeni vergi siyasəti və işsizliklə mübarizə proqramları yaratmalıdır. Eyni zamanda, pensiya sistemindəki təkmilləşdirmələr, həmçinin özəl sektordan və qeyri-dövlət fondlarından resursların əldə edilməsinə yönəlməlidir.

 

QHT.az: Hazırda tətbiq olunan pensiya kapitalının 144 əmsalına bölünməsi sisteminin dəyişdirilməsi barədə hansı təklifləriniz var? Yığılmış kapitalın digər parametrlərlə, məsələn, yaş və iş stajına görə yenidən dəyərləndirilməsi barədə fikirləriniz nədir?

Elşad Məmmədov: Pensiya sistemində dəyişikliklərin olmasının vacib olduğunu düşünürəm. Əgər yığılan kapital yalnız 144 əmsalı ilə ölçülürsə, bu, iqtisadiyyatın real vəziyyətini və işçilərin sosial təminatını düzgün şəkildə əks etdirməyə bilər. Kapitalın dəyərləndirilməsində əlavə parametrlər, məsələn, iş stajı, yaş və əmək bazarındakı fəaliyyət dövrü kimi amillər nəzərə alınmalıdır. Bu, daha ədalətli və məqsədəuyğun bir pensiya sistemi yarada bilər. Həmçinin, inflyasiya kimi amillərin də nəzərə alınması vacibdir ki, yığılan vəsaitlərin real dəyəri qorunsun.

 

QHT.az: Yığım pensiyası sisteminin davamlılığı və ədalətliliyini necə təmin edə bilərik?

Elşad Məmmədov: Yığım pensiyası sisteminin davamlılığı və ədalətliliyini təmin etmək üçün, sosial ödənişlər sistemini daha şəffaf və bərabər bir şəkildə qurmalıyıq. Əgər pensiya yığımları yalnız əmək fəaliyyətində topladığımız resurslara əsaslanarsa, bu, daha çox iqtisadi motivasiya yaradacaq. Amma, bütün sosial təbəqələrin təminatını artırmaq üçün dövlətin sosial müdafiə tədbirlərini genişləndirməsi və müxtəlif sosial ehtiyaclara yönəlmiş siyasət tətbiq etməsi vacibdir. Bu yanaşma, həm sosial ədalət, həm də iqtisadiyyatın dayanıqlı inkişafı üçün şərait yaradacaq.

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı