Hüquq və İnsan Haqları İnstitutunun yaradılmasının 26-cı ili tamam olur
Azərbaycanın hüquq və insan haqları sahəsindəki elmi və praktiki nailiyyətlərinə əvəzsiz töhfələr verən Hüquq və İnsan Haqları İnstitutunun yaradılmasının 26-cı ildönümüdür.
QHT.az xəbər verir ki, 1998-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə yaradılan İnstitut (əvvəlki İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu) ötən illər ərzində hüquq sahəsində gerçəkləşdirilən islahatları daha da sürətləndirərək ölkəmizin hüquqi inkişafına əhəmiyyətli xidmətlər göstərib. İnstitutun qurucusu və ilk direktoru, Cənubi Qafqazda ilk siyasi elmlər doktoru olan professor Rövşən Mustafayevin rəhbərliyi altında İnstitut özünün elmi-maarifçilik fəaliyyətini böyük uğurla davam etdirib və bugünkü, müasir inkişafın təməlini qoyub.
Əvvəllər Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan İnstitut ölkə Prezidentinin 19 may 2022-ci il tarixli fərmanı ilə hazırda “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nin tabeliyində fəaliyyət göstərir. Bu gün İnstitut İdarə Heyətinin sədri Məhəmməd Quluzadənin başçılığı ilə özünün hüquqi maarifləndirmə missiyasını daha da genişləndirməkdədir. Belə ki, onun bilavasitə rəhbərliyi altında İnstitut, hüquqi tədqiqatların nəticələrinin cəmiyyətə çatdırılmasında və yayılmasında, insan hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə tədbirlərinin təşkilində böyük irəliləyişlər əldə edib.
Ən diqqətçəkən təşəbbüslərdən biri də M.Quluzadənin rəhbərliyi ilə hüquqşünas alim və tədqiqatçıların elmi nəşrlərindən ibarət “Hüquq və insan haqları virtual kitabxanası”nın yaradılmasıdır. Bundan əlavə, İnstitutun rəqəmsal texnologiyaların tətbiqi sahəsində əldə etdiyi uğurlar da nəzərəçarpacaq dərəcədə yüksəkdir.
İnstitut “Rəqəmsal İnsan Hüquqları Resurs Xəritəsi”, “Audioməqalələr bazası”, “Praktikaya Aid Siqnallar Sorğusu (PASS) platforması” və bu kimi bir sıra əhəmiyyətli yeniliklərlə hüquq sahəsində müasir tələblərə cavab verən resurslardan istifadə edərək, hüquqşünaslarla yanaşı, ictimaiyyət üçün də yeni imkanlar yaradır.
QHT.az olaraq bu əlamətdar gün münasibətilə İnstitutun rəhbərliyinə və kollektivinə gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq. Hüquq və insan haqları sahəsində ölkəmizin inkişafına verdikləri töhfələr daim davamlı olsun!