“Zəngəzur dəhlizi - Yeni İpək yolunun mühüm hissəsi” adlı beynəlxalq konfrans keçirilib - FOTOLAR
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən “Zəngəzur Dəhlizi - Yeni İpək yolunun mühüm hissəsi” adlı beynəlxalq konfrans keçirilib.
QHT.az xəbər verir ki, konfransı giriş sözü ilə açan İctimai Birliyin sədri İradə Rizazadə konfrans iştirakçılarını və İpək Yolu üzərində yerləşən 5 ölkədən dəvət olunmuş ekspertləri salamlayaraq, tədbirin mahiyyəti barədə məlumat verib:
“Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycanın tərkib hissəsi olan Naxçıvanla yollarının birləşməsi deyil, eyni zamanda regiona və ümumilikdə İpək Yolu üzərində yerləşən ölkələrə iqtisadi, sosial, logistik infrastrukturun inkişafı, mədəniyyətlərarası dialoqun gücləndirilməsi və digər aspektlərdən böyük töhfəsi var. Bu səbəbdən biz də Vətəndaş Cəmiyyəti olaraq, Zəngəzur dəhlizinin açılmasının mahiyyətini xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans formatında keçirməyi qərara aldıq”.
Daha sonra Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxış edərək, son illərdə Qərbi Azərbaycan mövzusunun Agentliyin prioritet müsabiqə istiqamətlərindən biri olduğunu və bu istiqamətdə uğurlu layihələrin icra olunduğunu vurğuladı. İcraçı direktor konfransın mövzusunun və proqramının ümumi zəngin olması ilə tədbirin faydalı və məhsuldar olacağına inamını ifadə edərək konfransın işinə uğurlar arzu edib.
"Zəngəzur dəhlizi - Yeni İpək Yolunun mühüm hissəsi" adlı beynəlxalq konfrans üç əsas paneldə təşkil olunaraq, müxtəlif sahələr üzrə məruzələr təqdim edildi.
Birinci panel “Zəngəzur dəhlizinin geosiyasi əhəmiyyəti” mövzusuna həsr edilib. Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Dr. Sabit Bağırov moderatorluğu ilə keçirilən bu sessiyada çıxışçılar – siyasi şərhçi Fərhad Məmmədov və politoloq Qriqoriy Trofimchuk – dəhlizin regional və qlobal təhlükəsizlik kontekstində əhəmiyyətini müzakirə etdilər. Onlar Zəngəzur dəhlizinin beynəlxalq münasibətlərə və xarici siyasətə təsirlərini vurğulayaraq, bu dəhlizin Cənubi Qafqazda yeni geosiyasi balans yaratma potensialını qeyd etdilər.
İkinci panel “Zəngəzur dəhlizinin iqtisadi əhəmiyyəti” mövzusu ətrafında aparıldı. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü və “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin sədri Zaur İbrahimlinin moderatorluğu ilə keçən bu paneldə çıxışçılar – Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Dr. Sabit Bağırov, Avrasiya Araşdırma İnstitutunun müdir müavini Cengizhan Zhanaltay və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı üzrə Təşkilatının Naxçıvan üzrə nümayəndəsi Gülsel Səfərova – ilə birlikdə dəhlizin iqtisadi aspektlərini araşdırdı. Onlar Zəngəzur dəhlizinin regional iqtisadiyyatlara faydalarını, loqistik imkanları və yeni ticarət əlaqələrinin yaradılması imkanlarını müzakirə etdilər.
Üçüncü panel isə “Zəngəzur dəhlizinin açılmasının digər əhəmiyyətli aspektləri” mövzusunda keçirildi. Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədr müavini Nədimə Rəhimlinin moderatorluğu ilə keçirilən sessiyada dosent Avrasiya Araşdırma İnstitutunun rəhbəri Dr. Suat Beylur, Moskva Elmi Tədqiqat İnstitutunun Düşənbə filialının Humanitar məsələlər kafedrasının müdiri hüquq elmləri namizədi Farhod Mahmadshozada və vətəndaş cəmiyyəti nümayəndəsi Dona Tursunova iştirak edərək dəhlizin sosial, mədəni və humanitar təsirləri haqqında fikirlərini bölüşdülər.