Xəbərlər 24.06.2024 11:28 2127

Azərbaycanın Milli Qəhrəmanı - Xocalı soyqırımı şəhidi Əlif Hacıyevin doğum günüdür

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mayoru olan Əlif Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində anadan olub.

QHT.az xəər verir ki, 1971-1973-cü illərdə Minsk şəhərində hərbi xidmətdə olub. 1974–1984-cü illərdə Belorusiya DİN-nin və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləyib. 1976-1979-cu illərdə SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis Məktəbində təhsil alıb və 1981-ci ildən etibarən təhsilini SSRİ DİN-nin Akademiyasında davam etdirib. Əlif Hacıyev 1990-cı ildə Xocalıya qayıdıb və Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək erməni təxribatçılarına qarşı mübarizəsini yenidən davam etdirib. O, 1990-cı ilin dekabr ayında Xocalı hava limanı xətt daxili işlər bölməsinə rəis, eyni zamanda Xocalı hava limanının komendantı təyin edilib. Gördüyü işlərinə görə 1991-ci ilin dekabr ayında ona "mayor" rütbəsi verilib.

Qarabağ cəngavəri Əlif Hacıyevin əzmkarlığı nəticəsində Xocalı aeroportu erməni millətçilərinin nəzarətindən tamamilə çıxmışdı. Bu, onlar üçün ağır zərbə idi. Bunun əvəzini çıxmaq üçün düşmən -"Xocalının alınması əməliyyatı"na başladı. Qədim Xocalının başı üzərində real təhlükə yaranmışdı. Bunu çoxları kimi bunu Əlif Hacıyev də görürdü. O, tədbir görülməsi üçün hər gün, hər saat Bakını xəbərdar edirdi. Əvəzində bəzi məmurların yalançı vədlərini eşidirdi. Faciə 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə başladı.

Əlif Hacıyev və onun dəstəsi səhər saat beşə qədər azğınlaşmış rus hərbçiləri və erməni silahlıları ilə vuruşdular. Döyüşlər qeyri-bərabər qüvvələr arasında gedirdi. O, bu qanlı döyüşdə misilsiz qəhrəmanlıqlar göstərərək, bir dəstə dinc əhalini Ağdamın Şelli kəndinə tərəf təhlükəsiz yerə çıxardı. Əlif bir daha geriyə dönərək, yenidən döyüşə atıldı. Düşmən nə qədər güclü olsa da Əlif təslim olmur, əsl cəngavər kimi vuruşur, dinc əhalinin təhlükəsiz yerə çıxarmaqdan ötrü misilsiz qəhrəmanlıqlar göstərirdi. Avtomatın darağını dəyişərkən düşmən gülləsi Qarabağ cəngavərinin qəlbinə sancıldı. Vətənini, torpağını canından əziz bilən Əlif Qarabağ torpağında - Xocalı faciəsi zamanı qəhrəmancasına şəhid oldu.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli fərmanı ilə mayor Əlif Lətif oğlu Hacıyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı