Xəbərlər 23.05.2024 01:19 2070

İran prezidentinin qəzaya uğradığı Bell 212 helikopteri 1979-cu ildə ABŞ-dan alınıb - Kənan Həmzəoğlu

İran prezidenti İbrahim Rəisi və onu müşaiyət edən nümayəndə heyətini Xudafərindən Təbrizə aparan helikopterin qəzaya uğraması dünya miqyasında müxtəlif fərziyyələrə səbəb oldu.

Qəzadan sonra bəzi dairələr sui-qəsd ehtimalını qabartsa da belə iddiaların konkret sübutlara əsaslanmadığı və hadisənin texniki nasazlıq və hava şəraiti səbəbindən təbii qəza olduğu aydındır. Belə ki, helikopter qəzalarında sui-qəsd ehtimalının qiymətləndirilməsi ciddi kəşfiyyat və sübut tələb edir. Hazırkı tapıntılar belə bir ssenarinin etibarlılığını dəstəkləmir. Hesab edirəm ki, helikopterin qəzaya uğraması qatı dumanlı hava şəraiti ilə bağlıdır. Dumanlı hava pilotların görmə imkanlarını məhdudlaşdıraraq naviqasiyanı çətinləşdirir. Belə hava şəraitində helikopterlərin təhlükəsiz yer tapıb enmə qabiliyyəti xeyli azalır. Görmə ikmkanları minimuma endikdə təhlükəli manevrlər qaçılmaz olur və bu qəzaların əsas səbəblərindən biridir. Onu da nəzərə alaq ki, İran prezidenti və onun nümayəndə heyətini apararkən qəzaya uğrayan Bell 212 helikopteri 1979-cu ildə İslam İnqilabından əvvəl ABŞ-ın İrana verdiyi helikopterlərdəndir. Bu helikopterlərin istehsalına 1960-cı illərdən başlanılılıb. Bell 212 helikopteri davamlılığı və universallığı ilə tanınsa da onun dizaynı olduqca köhnədir. Müasir naviqasiya və avtomatlaşdırma sistemləri yoxdur. Bu xüsusilə mürəkkəb və çətin hava şəraitində pilotların işini çətinləşdirir. Həmçinin Bell 212 köhnə model olduğu üçün ehtiyat hissələrini tapmaq və ona qulluq etmək olduqca çətindir. Qəza zamanı helikopterdə 9 nəfər olub, halbuki, helikopterin maksimum sərnişin tutumu 6 nəfər olub. Xülasə, prezident İbrahim Rəisinin həyatını itirdiyi helikopter qəzası böyük ehtimalla texniki nasazlıq və sıx dumanlı hava şəraiti ilə əlaqəlidir. Əldə olan dəlillərə görə, sui-qəsd iddiaları əsassızdır və qəzanın təbii səbəblərdən baş verdiyi aydındır. Hər hansı bir dövlət başçısının sui-qəsdə qurban getməsi rəqib dövlətlərə heç nə qazandırmır. İran kimi dövlətlərdə dövlət başçısının istefası və ya ölümü dövlətin tutduğu ənənəvi siyasi xəttə təsir göstərmir. Bu faciəvi hadisə helikopter təhlükəsizliyinin və hava şəraitinin uçuş təhlükəsizliyinə kritik təsirini bir daha nümayiş etdirir.

 

Kənan Həmzəoğlu

Tarix sahəsində Maarifləndirməyə Dəstək ictimai birliyinin sədri


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı