Xəbərlər 23.04.2024 08:21 1308

"Ulu öndər Heydər Əliyev BAM tikintisində müstəsna rol oynayıb" - Elnurə Abuşova yazır

Cari ilin aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü oldu. Bu görüşdə Rusiya Prezidenti Vladimir Putin bildirdi ki, Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tarixində müstəsna, böyük rol oynayıb.

 

Rusiya Prezidenti qeyd edib: “BAM-ın tikintisinin başlanmasının yarıməsrlik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik etməkdən səmimi-qəlbdən şadam. Onun atası, - BAM-ın bütün inşaatçıları bunu yaxşı bilir, - Heydər Əlirza oğlu BAM-ın tarixində müstəsna, böyük rol oynayıb. Heydər Əlirza oğlu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Baykal-Amur Magistralının tikintisinə kuratorluq edirdi, bu çox çətin layihənin baş tutması üçün əlindən gələni əsirgəmirdi”.

 

50 il əvvələ qayıdaq...

 

BAM ideyası 19-cu əsrdə yaransa da, reallaşması ötən əsrin ikinci yarısına təsadüf etdi, məhz Ulu öndər Heydər Əliyevin titanik əməyi sayəsində BAM həyata vəsiqə aldı. Təsadüfi deyil ki, Heydər Əliyev Tayşetdən Sakit Okeana qədər uzanan, dağlıq ərazilərdən keçən BAM-ın memarı, obrazlı şəkildə deyilsə, ona həyat verən şəxs kimi bu gün də böyük ehtiramla anılır.

 

BAM kompleksini yaratmaqla ulu öndər Heydər Əliyev Sovetlər İttifaqının qarşısında dayanan dörd mühüm vəzifəni uğurla həll etdi. Bunlar geniş regionun təbii ehtiyatlarına etibarlı çıxış; ən qısa məsafədə tranzit daşınmasını təmin etmək;

 

Şərq-Qərb qitələrarası ən qısa dəmir yolu marşrutunu yaratmaq; Trans-Sibirdə qatarların hərəkətində mümkün nasazlıqların və fasilələrin qarşısını almaq idi. Amma ən mühüm məqamlardan biri də BAM kompleksinin insan iradəsinin təbiət üzərində qələbəsi oldu.

 

Mürəkkəb relyefə malik ərazilərdən keçən BAM-ın uzunluğu təxminən 4300 kilometrdir. Onun tikintisinin bütün tarixində 2 milyondan çox insan iştirak edib.

 

Tikinti prosesinə nəzər saldıqda nədən Heydər Əliyevin əməyinin belə yüksək qiymətləndirilməsinin səbəblərini daha aydın sezmək olar. BAM-ın əsas magistralının çəkilməsinin 1984-cü il noyabrın 7-nə kimi başa çatdırılması nəzərdə tutulsa da, bunun mümkünsüzlüyü barədə ölkə rəhbərliyinə xəbərdarlıqlar olunmağa başlamışdı. Bu isə rəhbərliyi qane etmədiyindən tikintiyə nəzarət SSRİ Nazirlər Soveti sədrinin müavini vəzifəsini tutan Heydər Əliyevə həvalə edildi. 1980-ci illərdə Sov.İKP MK Siyasi Bürosunun görkəmli üzvlərindən biri olan Heydər Əliyevə ölkənin ən mürəkkəb sosial-iqtisadi, siyasi və mədəni vəzifələri həvalə edilmişdi. O, SSRİ-nin çoxlu sayda nazirliklərinin fəaliyyətinə cavabdeh idi. Rabitə, dəniz donanması, yol tikintisi bura daxil idi. Bundan əlavə, ittifaq respublikalarının avtomobil, çay və yol təsərrüfatı nazirlikləri də onun tabeliyində idi. Əslində, geniş ölkənin bütün nəqliyyat damarları Heydər Əliyevin ciddi nəzarəti altında idi.

 

BAM-ın inşasında ekologiyaya qayğı nümunəsini xüsusi vurğulamaq istəyirəm.

 

BAM-ın tikintisi zamanı Heydər Əliyev ekologiyaya da maksimum diqqət yetirirdi. Magistral yolun salındığı təbii mühit asanlıqla dağılır, lakin yavaş-yavaş və çətinliklə bərpa olunur. Buna görə də BAM zonasında təbii sərvətlərin mühafizəsi tədbirlərinə, təbii mühitə müdaxilə zonasının maksimum azaldılmasını Ulu öndər inşaatçılar qarşısında mühüm şərt kimi müəyyən etmişdi.

 

Magistralın keçdiyi ərazinin ekstremal şəraiti yeni elmi və texniki həllər tələb edirdi. Burada dünya praktikasında ilk dəfə olaraq körpü dayaqlarının prinsipcə yeni dizaynı yaradıldı, tuneldə bir sıra yeni ideyalar həyata keçirildi, alt qatın doldurulması və daimi donmuş şəraitdə qazma və partlatma işlərinin aparılması texnologiyaları işlənib hazırlandı. Bütün bunlara Heydər Əliyev şəxsən nəzarət edirdi. Və elə bu səbəbdəndir ki, BAM həm də ətraf mühiti ən az dəyişdirən layihələr sırasında yer alır.

 

BAM yaradılandan etibarən Uzaq Şərq regionlarının nəqliyyat dəstəyi və xarici ticarət əlaqələri, şərqdə yük axınlarının yenidən istiqamətləndirilməsi nəzərə alınmaqla böyük əhəmiyyət kəsb edir. BAM 1,5 milyon kvadratkilometr əraziyə iqtisadi xidmət göstərir. Dünya təcrübəsində dəmir yolunun tikilmiş ayrı-ayrı hissələrinin ümumi tikinti prosesinin davam etdirilməsi ilə eyni vaxtda istismara verilməsi bağlı heç bir nümunə yoxdur. Bu hal hələ ki, Heydər Əliyevin rəhbərliyi ilə BAM-da həyata keçirilən yeganə nümunədir. BAM həm də bundan sonra hələ onilliklər boyu tərəqqiyə xidmət edəcək layihələr sırasında yer alır. İqor Levitin bu xüsusda bildirir: “Heydər Əliyev Baykal-Amur Magistralının tikintisinə dəstək verən Siyasi Büro üzvlərindən biri olub. Bu magistralın tikintisi ilə bağlı qərar sayəsində bu gün Rusiyadan Şərqə yük daşıya bilirik”. Bundan əlavə, Uzaq Şərqin və Asiya-Sakit Okean regionu ölkələrinin bazarlarının nəqliyyat əlçatanlığı məsələsi son illərdə getdikcə aktuallaşır. Şərq poliqonunda yük dövriyyəsi son 10 ildə 50 faizdən çox artıb. Aydındır ki, daha da artacaq. Bu yükləri daşımaq üçün Rusiyanın şərqində yalnız iki xətt var - Trans-Sibir və BAM. Məhz onlar, xüsusən də BAM yükdaşımalar baxımından Rusiyanın iqtisadi həyatında müstəsna rol oynayır.

 

BAM layihəsi reallaşarkən Heydər Əliyev gələcəkdə onun digər istiqamətlərə uzadılması kimi məqamları da nəzərə almışdı. Belə ki, BAM-ın Yakutska, Maqadana, sonra isə Çukotka və Kamçatkaya kimi inşası bu gün də Rusiya üçün prioritetdir. Amma onun reallaşması elə də asan deyil və buna rəhbərlik edəcək şəxslərin tapılması özü də ayrıca bir məsələdir.

 

 

 

Elnurə Abuşova,

Ailə və Uşaqlara Sosial Dəstək İB-nin sədri


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı