İqtisadçı Ekspert: "Azərbaycanın Qaz İxracı Artıb"
"2024-cü ilin birinci rübündə Azərbaycanın Avropaya qaz ixracatı 10.3 faiz artaraq 3.2 milyard kub metr olub. Avropa ilə yanaşı Türkiyəyə 2.3, Gürcüstana isə 0.9 milyard kub metr qaz ötürən Azərbaycanın həmin dövrdə ümumi ixracatı 6.4 milyard kub metr olub. Azərbaycanda 12.6 milyard kub metr qaz hasil olunub ki, bu da əvvəlki ilin uyğun dövrünə nisbətən 0.4 milyard kub metr çoxdur".
QHT.az xəbər verir ki bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, bütövlükdə, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 aprel 2024-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 219,6 milyard kubmetr, “Şahdəniz”dən isə 216 milyard kubmetr qaz hasil edilib: "Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 153,4 milyard kubmetri ixraca nəql edilib".