Xəbərlər 20.02.2024 17:34 17696

Beynəlxalq dərəcəli hakim Qubad Cəbrayılov vəfat etdi – VİDEO

Beynəlxalq dərəcəli hakim, Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Qubad Alı oğlu Cəbrayılov uzun sürən xəstəlikdən sonra 84 yaşında vəfat edib.

Mərhum dünən doğulduğu Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən “Təpə qəbiristanlığı”nda dəfn edilib.

Allah rəhmət etsin.

 

Xatırladaq ki, Qubad Alı oğlu Cəbrayılov 15 aprel 1939-cu ildə Ərkivan kəndinin İsoba məhəlləsində dünyaya göz açıb. 

Doğma kəndində orta təhsil aldıqdan sonra 1958-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub.

1962-ci ildə həmin akademiyanın “Ağırlıq qaldırma” ixtisası üzrə məzunu olub. Tələbəlik illərində “Burevestnik” könüllü idman cəmiyyətində, ali məktəbi bitirdikdən sonra isə 1963-1966-cı illərdə “Dinamo” idman cəmiyyətində məşqçi işləmiş, işlədiyi illər ərzində aşağı və yuxarı dərəcəli və idman ustalığına namizəd hazırlamışdır.

Q.Cəbrayılov 1965-ci ildə idman ustası normasını yerinə yetirmişdir. 

1966-cı ildə Azərbaycan Politexnik İnstitutunun “Bədən Tərbiyəsi” kafedrasında müəllim, 1966-1973-cü illərdə yığma komandasının məşqçisi kimi fəaliyyət göstərmişdir. Məşqçilik fəaliyyəti dövründə də idman ustalığına namizəd və idman ustaları yetişdirmişdir. Onlardan Mirzəyev Bəhram, Hasıyev Üzeyir və başqalarını göstərmək olar. 1973-ci ildən Azərbaycan Dövlət bədən Tərbiyəsi və İdman Akademiyasının “Ağırlıq qaldırma və boks” kafedrasında müəllim kimi fəaliyyətə başlayan Qubad müəllim 1984-ci ildə baş müəllim, 2003- cü ildə isə dosent vəzifəsinə qədər yüksəlmişdir. Məşqçisi olduğu qardaşı Cəbrayıl Cəbrayılov dəfələrlə respublika çempionu və rekordçusu olmuş, SSRİ çempionatlarında və kubok yarışlarında çıxış edərək 10 ən güclü idmançılar sırasına daxil olmuşdur.

O, dəfələrlə Ümumittifaq Burevestnik Mərkəzi Şurasının çempionu və rekordçusu olmuşdur.

Qubad Cəbrayılov çox sayda elmi-metodiki işlərin və əsərlərin müəllifidir. O, son beş ildə 80 səhifə həcmində dərs vəsaiti hazırlamış və nəşr etdirmişdir.

Pedaqoji sahədə dərs apardığı ixtisas qruplarında yüksək dərəcəli idmançıların yetişməsində böyük əməyi olmuşdur.

Azərbaycanın öz müstəqilliyini əldə etdikdən sonra onun yetişdirmələri müxtəlif miqyaslı yarışlarda çıxış edərək, Avropa və Dünya çempionu, rekordçusu olmuş və mükafata layiq yerlər tutmuşlar. Asif Məlikov, Tofiq Heydərov, Turan Mirzəyev, Nizami Paşayev, Əlibəy Səmədov və qardaşı oğlu Nizami Cəbrayılov kimi tanınmış idmançılar onun tələbələridir. 

İdman nəticələrini nəzərə alaraq 1996-cı ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ağırlıq qaldırma üzrə Azərbaycan Federasiyası tərəfindən “Beynəlxalq dərəcəli hakim” fəxri adı verilmişdir. 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi İdmanda göstərdiyi xidmətlərimə görə 2001-ci ildə Qubad Cəbrayılova Azərbaycan Respublikası “Fəxri Bədən Tərbiyəsi və İdman işçisi” fəxri adı verilib.

2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Qubad Alı oğlu Cəbrayılov "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi" fəxri adına layiq görülüb.

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı