Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi ilə bağlı bilik yarışı keçirilib - FOTOLAR
Şərur rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin IV sinif şagirdləri üçün Naxçıvan Muxtar Respublikası yaranmasının 100 illiyi ilə bağlı bilik yarışı keçirilib.
QHT.az xəbər verir ki, bilik yarışında Azərbaycan dili və Riyaziyyat fənləri üzrə 30 sual təqdim olunub. Sualların cavablandırılması üçün şagirdlərə 90 dəqiqə vaxt verilib. Ümumilikdə bilik yarışında Şərur rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəblərində 915 şagird iştirak edib.
Məlumat üçün bildirək ki, 9 fevral 1924-cü ildə Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaranıb. Naxçıvanın muxtariyyəti ilk dəfə 1918-ci ilin noyabrında, ermənilərin bölgəyə hücumları zamanı elan olunmuşdu. Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti bölgəyə kömək etmək imkanında deyildi və Naxçıvanda “Araz Türk Cümhuriyyəti” adlı qurum yaranmışdı. Bolşeviklərin hakimiyyətə gəlməsindən sonra Türkiyənin dəstəyi ilə (1921-ci ilin Moskva və Qars müqavilələri) bölgənin Azərbaycanın ayrılmaz hissəsi olduğu təsbit edildi. 1923-cü ildə muxtar diyar adlanan Naxçıvan bir il sonra muxtar respublika statusu aldı. Bu gün Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam olur. Bu münasibətlə dövlət başçısı tərəfindən “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” xüsusi Sərəncam imzalanıb.