Baş Prokurorluq Astarada “Açıq qapı günü” və konfrans keçirib
“Heydər Əliyev və müasir dövlət quruculuğu” mövzusunda
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə olan ictimai maraq nəzərə alınaraq noyabrın 29-da Astara şəhərində “Heydər Əliyev və müasir dövlət quruculuğu” adlı işgüzar konfrans, rayon prokurorluğunda “Açıq qapı günü” keçirilib.
“Açıq qapı günü”ndə media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də dövlət qurumları və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.
İnzibati bina barədə məlumatlandırılan iştirakçılar binada əməkdaşlar üçün yaradılmış iş şəraitilə, həmçinin, “Elektron prokurorluq” informasiya sistemilə əyani tanış olublar.
Kriminalistik avtomobil və avadanlıqlarla tanışlıq zamanı qonaqlara istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti izah edilib.
“Heydər Əliyev və müasir dövlət quruculuğu” adlı işgüzar konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsini, daha sonra isə Astara Şəhidlər Xiyabanını ziyarət edib, Heydər Əliyev Mərkəzinin Muzey hissəsində Ulu Öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlərlə tanış olublar.
Astara rayon Mədəniyyət Mərkəzindəki konfransdan öncə Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himnimiz səsləndirilib.
Qonaqları salamlayan Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov işgüzar konfransın əhəmiyyətindən danışıb.
Baş Prokurorluğun idarə rəisi Murad Dadaşov müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dahi lider Heydər Əliyevin mövcud iqtisadi inkişafın və hərtərəfli tərəqqinin əldə olunmasındakı rolundan bəhs edib.
Ulu Öndərin müasir dövlət quruculuğu siyasəti barədə danışan Murad Dadaşov uğurlu siyasətin bu gün Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirildiyini diqqətə çatdırıb.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev işgüzar tədbirin Astara şəhərində təşkilindən məmnunluğunu ifadə edib.
Astara rayon prokuroru Əli Əliyevin, Milli Məclisin deputatları Rəşad Mahmudovun, Ziyafət Əsgərovun, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazovun, Astara RİHB aparatının Hüquq şöbəsinin müdiri Bəsti Əliyevanın, Mətbuat Şurasının icraçı katibinin müavini Fəridə Ağazadənin fenomenal şəxsiyyət Heydər Əliyevin gənclər siyasəti, ordu quruculuğu və insan hüquqlarına verilən dəyər, Ulu Öndərin xilaskarlıq missiyası və zəngin dövlətçilik irsi, Ümummilli Liderin media siyasəti və milli jurnalistikamızın inkişafında xidməti mövzularında çıxışları və xatirələri dinlənilib.
Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilmiş, dövlət başçısının 2003-cü ildən başlayaraq yürütdüyü məqsədyönlü siyasət və nəticədə torpaqlarımızın işğaldan azad olunması ilə bağlı tarixi missiyasına həsr olunmuş “İlham” sənədli filmi nümayiş etdirilib, xatirə şəkli şəkdirilib.
Akif AĞAYEV