Xəbərlər 25.01.2023 20:46 821

Trans yağlar Azərbaycanda insanları ÖLDÜRÜR - ÜST həyəcan təbili ÇALIR

Trans yağlar Azərbaycanda insanları öldürür.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST bildirir ki, dünyada beş milyard insan zərərli trans yağların (trans yağ turşuları – red.) təsirindən qorunmur. Bu da ürək-damar xəstəlikləri və vaxtından əvvəl ölüm riskinin kəskin artmasına səbəb olur. Azərbaycan trans yağların istehlakına qarşı heç bir tədbir görülmədiyi ən “təhlükəli” doqquz ölkə sırasındadır.

Trans yağlar heyvanların orqanizmində mövcud olan doymamış yağlar qrupudur (onlar ümumi göstəricinin kiçik bir hissəsini təşkil edir və insan sağlamlığı üçün ciddi təhlükə törətmir), həm də sənaye üsulu ilə istehsal olunur. Ən böyük təhlükəni məhz süni trans yağlar, eləcə də onların istifadə olunduğu məhsullar təşkil edir. Əsasən, söhbət yarımfabrikatlardan, un məmulatlarından və bitki mənşəli yemək yağlarından gedir.

ÜST-nin hesabatına görə, dünyanın qırx üç ölkəsi artıq trans yağlarla mübarizə üçün yüksək effektiv tədbirlər həyata keçirərək 2,8 milyard insanı bu təhlükədən azad edib. Lakin trans yağlar hələ də qlobal səhiyyə sistemi üçün təhlükə yaradır.

Təşkilat bildirir ki, onların törətdiyi ürək-damar xəstəlikləri hər il dünyada yarım milyona qədər qəfil ölümə səbəb olur.

Hesabatda ÜST-nin rəhbəri Tedros Adanom Qebreyesusun fikri yer alıb. O, trans yağların qlobal səhiyyə sisteminə böyük ziyan vurduğunu və bunun nəticəsində onların aradan qaldırılmasının iqtisadi cəhətdən faydalı olacağını iddia edir.

Hesabata görə, trans yağların birbaşa səbəb olduğu ürək-damar xəstəliklərindən ən çox ölüm hallarının qeydə alındığı on altı ölkədən doqquzunda bu təhlükəyə nəzarət yoxdur. Onların arasında Azərbaycan, Avstraliya, Butan, Ekvador, Misir, İran, Nepal və Cənubi Koreya var.

Xuraman Etibarlı,

KONKRET.az

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı