“Saldıq mərtəbədən “Sözü”...” – Arif Fərzəlinin şeirləri
Bu il tanınmış şair-publisist Arif Fərzəlinin 70 illik yubileyi tamam olur. Bu münasibətlə oxucularımıza onun yaradıcılığından seçilmiş bir neçə şeiri təqdim edirik.
Qeyd edək ki, Arif Fərzəli (Arif Xudakərim oğlu Fərzəliyev) 1956-cı ildə Masallı rayonunun Xırmandalı kəndində ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) kimya fakültəsini bitirsə də, ömrünü bədii yaradıcılığa həsr edib. Sonralar M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya şöbəsində ikinci ali təhsil alıb.
Şairin ilk şeirləri Masallıda nəşr olunan “Çağırış” qəzetində dərc edilib. Sonrakı illərdə isə onun əsərləri “Azərbaycan”, “Literaturnıy Azərbaydjan”, “Ulduz”, “Gənclik”, “Karvan”, “Söz” jurnallarında, müxtəlif almanaxlarda və çoxsaylı qəzetlərdə işıq üzü görüb.
Pedaqoji fəaliyyətlə yanaşı, müxtəlif illərdə “Gənclik” jurnalının bölgə müxbiri, “Qala” qəzetinin baş redaktor müavini vəzifələrində çalışıb.
Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Arif Fərzəli “Toxuma həsrət torpaq”, “Sizin dünya”, “Ömür yarımçıq qalmır”, “Yağışa düşən qərib”, “Tarix kitabı” və “Ömürdən iki yarpaq” kitablarının müəllifidir.
İnsan olmağa nə var
Bir ömür bir nöqtədə
“donub” qalmaq çətindir,
qaya olmaq,
daş olmaq,
ağac olmaq çətindir.
Səhər-axşam yanından
keçənə baxa-baxa,
səhər-axşan üstündən
uçana baxa-baxa,
dünyada gəzə bilən
hər nə var görə-görə
bir də,
öz yerişiylə,
pərvazıyla tıxçanan
yuxular görə-görə,
kiçicik tərpənişə,
həsrət qalmaq çətindir,
insan olmağa nə var,
qaya olmaq,
daş olmaq,
ağac olmaq çətindir
Dedilər ki...
Nə dedisə babaların ruhu dedi,
bu öyüdü nəğmə kimi
Gündoğandan Günbatana oxu, - dedi.
Bir də, dedi, daşlar üstə
kitabəyə döndərərsən,
Bir də, Simurq quşu ilə
gələcəyə göndərərsən...
Soruşdum, ad demədilər,
kimə üz tut demədilər.
Dedilər ki, bircə-bircə
hamısına yetirərsən,
hamısını
bir ad altda götürərsən...
Dedilər ki,
vətən desən – biləcəklər,
vətən de sən –
bu kəlmənin işığına
pərvanə tək gələcəklər.
Gəlməsələr,
onda
bizim ruhumuza çat düşəcək,
ruhumuza düşən çatdan
ruhunuza od düşəcək.
Gəlməsələr,
yeddi tonqal qalayarsan,
tonqalların işığını,
yeddi yerdən düyün vurub,
bir-birinə calayarsan.
Gəzdirərsən qəndil kimi
fikirlərin tor yerində,
paylayarsan qəndab kimi
zikirlərin talx yerində.
Dedilər ki,
Deyərsən ki,
bu millətin taleyini
cüt zər bilib,
ovcunuzda oynatmayın,
ruhumuzu,
bir bədəndən haçalanmış
iki əlin
bir sifətdə
silləsinə oyatmayın.
Dedilər ki,
and veririk sizi
nəfsin ovsunundan
iraq
şəhid balaların
son nəfəsdə
qaya sökən nərəsinə,
qayələrin tirəsinə
döndərməyin yurdu
düşmən bərəsinə...
Dedilər ki,
and veririk sizi
şair Xətainin odasına,
yol verməyin
Şah İsmayıl xətasına.
qol qoymayın
Soltan Səlim ədasına...
Dedilər ki,
dediyimiz
Dədə Qorqud qopuzunun
tarixlərə qat kəsdirən
qanqarışıq nəğməsidir,
gec də olsa,
Xan Qazandan Alp Aruza
bir barışıq naməsidir.
Yüzillərdi
mənəmliyin,
mənimliyin
xumarında uduzuruq,
əqidələr qumarında uduzuruq,
biz
hər dəfə azadlığı
özgələrin tumarında uduzuruq,
kiminsə nəhs damarında uduzuruq...
Nə dedisə, babaların ruhu dedi,
bu öyüdü nəğmə kimi
Gündoğandan Günbatana oxu - dedi.
Dedilər ki,
vətən de sən,
vətən desən – biləcəklər...
Sözü bağışla
Bağışla nəvəni Füzuli baba,
Yanında qaradır üzü, bağışla.
Saldıq zarafata, saldıq kitaba,
Saldıq mərtəbədən “Sözü”, bağışla.
Tanrını öyməyə söz qalmadı ki,
Şeytanı söyməyə söz qalmadı ki,
Əyrilər əyməyə söz qalmadı ki,
Susmaqdan lallaşan düzü bağışla.
Ağızlar taybatay, bağlayanı yox,
Yalanı yolundan saxlayanı yox.
Qalıb ortalıqda, ağlayanı yox,
Sözü öldürüblər, sözü bağışla.
Tək alqış deyildi bu əlin işi,
Tək qarğış deyildi bu dilin işi.
Sən deyən olmadı, Füzuli kişi,
Sən deyən olmadıq, bizi bağışla...
Yetim segah
(Tarzən Ramiz Quliyevə)
Mizrab toxunacaq, sim ağlayacaq,
Xətrinə dəyməyin-dedim-segahın.
Görüm, məni ən çox kim ağlayacaq,
Qoy bir harayında itim segahın.
Bu nizə daşları keçən nizədi,
Elə bu nizənin yönü bizədi.
Ağrısı –acısı hələ təzədi
Yarası qədimdən-qədim segahın.
Simlər pərdə üstdə yollardı-qoşa,
Gedən ölməzliyə gedib qovuşar.
Qaçıb el-obaya hay sal, ay uşaq,
Dədəsi tapılıb “Yetim segah”ın..
Sevgi məktubu
(Şəhid Mübariz İbrahimovun xatirəsinə)
Gizlicə,
səssiz-səmirsiz
savaş meydanına qondu,
hünərini görüncə də
heyrətindən yerində dondu
ölüm mələyi.
Yox,
aparmağa gəlməmişdi,
yox,
yetirməyə gəlməmişdi
ömrünü sona,
sadəcə
Tanrıdan
bir sevgi məktubu
gətirmişdi ona...
Zəfər yağışı
Bu yağış
hara yağsa da,
Şuşaya yağmayacaq,
ta qələbə gününədək
diksindirməyəcək
bizsiz küçələri,
bizsiz evləri...
(2015-ci ildə yazdığım
“May yağışı şeirindən)
Axır ki,
Şuşanın da üstündə
buludlar yayxandı,
axır ki,
Şuşaya da yağış yağdı
bu gecə,
döngə-döngə,
küçə-küçə
sellənib axdı
yenə,
həm də,
iyirmi səkkiz sənə
əvvəlkindən
daha gur,
daha coşğulu,
daha çılğın...
İslandıqca,
körpə uşaq kimi sevinirdi
qosqoca şəhər,
sanki əvəzini çıxırdı,
az qala,
bir qərinə
buludsuz, yağışsız qalmağın...
Bu gecə
Şuşaya yağış yağdı,
bomboz,
bumbuz,
əsl payız yağışı,
amma
mehri-sevgisi
ilk bahar leysanınca,
büllur təmasından
dirçəldi,
özünə gəldi
bunca
həsrətini çəkdiyi
hər dam,
hər səki,
hər barı,
gümüş tumarından
dikəldi
sahibsizlikdən ur gətirmiş
qala divarı...
Bu gecə
Şuşaya yağış yağdı,
yuyub təmizlədi onu
düşmən izindən,
düşmən nəfəsindən.
8 noyabr 2020-ci il.
***
Bu yol çətin dağ yoludu,
Nəhs gətirmə, qaragözlüm.
Bu yol bir az bəxt yoludu,
Nəhs gətirmə, qaragözlüm.
Nə zirvədən çağırış var,
Nə kimsədən bir alqış var.
Saçlarım əlçim-əlçim qar,
Nəhs gətirmə, qaragözlüm.
Quş olaram, qanad ola,
Daş olaram, sapand ola.
Bəlkə işim ovand ola,
Nəhs gətirmə, qaragözlüm.
Bu yol üzü duman yoldu,
Dizlərdən qan duman yoldu.
Şairlik hər zaman yoldu,
Nəhs gətirmə, qaragözlüm...
***
Mənzil yarı deyil hələ,
Dünyanın yaşından gəlləm.
Geri dönmək innən belə
Ağırdır qurşundan, gəlləm.
Oyunmuş bu yol deyilən-
Daş özün, özün üyülən.
Qorxma, atam, tək deyiləm,
Gözümün yaşınnan gəlləm.
Vaxt cığır-zaman içində,
Baxt şaxır güman içində.
Yaddaşım al-qan içində,
Qardaş savaşından gəlləm.
Nəfəs gəlir, yenə şükür,
Sınmayıb çökənə şükür.
Şükür, biz çəkənə şükür,
Dərdin o başından gəlləm...
Təqdim etdi: Akif Ağayev






