QHT-Biznes əməkdaşlığına həsr olunana yeni Tədqiqat Hesabatı hazırlanıb
Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İB tərəfindən icra olunan “QHT-Biznes tərəfdaşlığının gücləndirilməsi: sosial məsuliyyət üçün birgə təşəbbüslər” layihəsi çərçivəsində yeni hesabat hazırlanıb.
Hesabat biznes və vətəndaş cəmiyyəti arasındakı münasibətləri, mövcud maneələri, qanunvericilik mühitini və gələcək əməkdaşlıq imkanlarını təhlil edir. Hesabatda 98 QHT və 50 şirkət arasında sorğu, 10 biznes nümayəndəsi ilə fokus qrup, AR Vergi Məcəlləsinin müvafiq maddələrinin və beynəlxalq təcrübənin təhlili və təkliflər əks olunub.
Əsas tapıntılar:
Şirkətlərin 84%-i QHT-lərə etimad edir (54% tam, 30% qismən). Lakin QHT-lərin 80.7%-i biznesin onlara etimad etmədiyini düşünür. Yəni əsas problem etimadsızlıq deyil, ünsiyyət və strateji uzlaşma çatışmazlığıdır.
Şirkətlərin 74%-i peşəkar, maraqlı və məhsuldar təklif olarsa QHT-lərlə tərəfdaşlığa tam hazır olduğunu bildirir.
Ən böyük maneələr:
- Layihələrin biznes strategiyasına uyğun gəlməməsi — 52%
- Birbaşa dialoq mexanizminin olmaması — 40%
- Vergi güzəştlərinin yetərsizliyi — 34%
Şirkətlər üçün ən mühüm gözlənti real, ölçülə bilən sosial təsirdir (68%).
QHT-lər isə daha çox maliyyə dayanıqlığı (63.3%) və 1-3 illik davamlı strateji proqramlar (49%) istəyir.
Hər iki tərəf üçün əsas sistem maneəsi vergi stimullarının məhdud olmasıdır (şirkətlər 34%, QHT-lər 45.9%).
Daha ətraflı Hesabatdan tanış ola bilərsiniz












