Prezident İlham Əliyev-in 2004-cü il 6 may tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” təsdiq edilib. Daxili İşlər Nazirliyi beynəlxalq təşkilatların dəstəyi ilə 2009-cu ildən etibarən hər il may ayının birinci həftəsini “İnsan alverinə qarşı mübarizə həftəsi”, mayın 6-sını isə “İnsan Alverinə Qarşı Mübarizə Günü” kimi qeyd edir.

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü, Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev QHT.az-a açıqlamasında bu sözləri deyib: 

"Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 28 iyun 2005-ci il tarixdə “İnsan alverinə qarşı mübarizə haqqında” Qanun qəbul olunmuşdur. 2004-cü il mayın 6-da Prezident İlham Əliyev tərəfindən 2004–2008-ci illəri əhatə edən ilk Milli Fəaliyyət Planı təsdiq edilmiş və həmin vaxt insan alverinə qarşı mübarizə üzrə məsul şəxs, Milli Koordinator təyin olunmuşdur.

İnsan alveri cinayəti bütün bəşəriyyəti narahat edən, insanlıq əleyhinə yönəlmiş transmilli cinayətlərdəndir. Dünyanın bir çox ölkələri tərəfindən bu cinayətə qarşı davamlı olaraq mübarizə tədbirləri həyata keçirilir. Beynəlxalq səviyyədə bir sıra konvensiya və protokollar qəbul olunaraq bu cinayətin qarşısının alınması üçün dövlətlər qarşısında öhdəliklər qoyulmuşdur.

Bütün bunlara baxmayaraq, insan alveri ilə məşğul olan cinayətkarlar müasir informasiya texnologiyalarından, sosial şəbəkələrdən istifadə edərək məlumatsız şəxsləri şirnikləndirir, təhdid, şantaj və digər vasitələrlə insanları öz qurbanlarına çevirirlər.

Azərbaycanda bu istiqamətdə mübarizə tədbirləri çərçivəsində hüquq-mühafizə orqanları ilə yanaşı qeyri-hökumət təşkilatları da yaxından iştirak edir. Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İB İnsan Alverinə qarşı Mübarizə üzrə QHT koalisiyasının üzvü olaraq bu sahədə bir çox layihələr həyata keçirmişdir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyə yardımı və İnsan Alverinə qarşı Mübarizə üzrə Baş İdarəsinin yaxın tərəfdaşlığı ilə həyata keçirilən layihələr hədəf qruplarının maraqlarının müdafiə olunmasına xidmət etməklə regionda bu cinayətə qarşı mübarizədə mühüm rol oynamışdır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və İnsan Alverinə qarşı Mübarizə üzrə Baş İdarəsinin dəstəyi ilə həyata keçirilən layihələr çərçivəsində insan alveri qurbanlarının reabilitasiyası, cəmiyyətə inteqrasiyası və ilkin mərhələdə maarifləndirmə tədbirləri QHT-lər tərəfindən icra olunur. Görülən işlər nəticəsində bir çox insanların həyatı xilas edilir".

Piranə Xasiyeva