14 may tarixində “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində “Gülüstan Sarayı”nda Qlobal Cənub QHT Platformasının I Baş Assambleyası keçirilib. Dünyanın müxtəlif ölkələrindən qeyri-hökumət təşkilatlarının iştirak etdiyi tədbirdə beynəlxalq əməkdaşlıq, vətəndaş cəmiyyətinin rolu və qlobal təşəbbüslər müzakirə olunub.

 Azərbaycan QHT-lərinin həm Qlobal Cənub, həm Türk dünyası, həm də Avropa platformalarında fəallığı gücləndirilməlidir.Bu fikirləri Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az- a açıqlamasında bildirib.  

Onun sözlərinə görə, BMT-nin rəhbərlik elədiyi belə bir qurumda, belə bir forumda, şübhəsiz ki, qeyri-hökumət təşkilatlarının iştirakı olduqca əhəmiyyətlidir, vacibdir. Bu baxımdan dünən Qlobal Cənub QHT platformasının növbəti assambleyası Bakı şəhərində təşkil edildi. Dünyanın müxtəlif ölkələrindən 100- ə yaxın qeyri-hökumət təşkilatlarının Azərbaycana gəlməsi, Azərbaycan qeyri-hökumət təşkilatları forumu ilə əməkdaşlıq etməsi və belə bir platformanın yaradılması, təbii ki, beynəlxalq əlaqələrin qurulması istiqamətində əhəmiyyətlidir.

"Qlobal Cənub platformasına cəlb olunan dövlətlər əsasən  maliyyə və maddi imkanları aşağı, zəif olan ölkələrdir. Azərbaycanın da belə bir humanist mövqeydə olması, bilavasitə vətəndaş cəmiyyətləri çərçivəsində də bu humanizm prinsiplərinin dəstəklənməsi, ümumiyyətlə Qlobal Platformaya daxil olan dövlətlərin dəstəklənməsi ilə bağlı müxtəlif təşəbbüslər var. Bu həm də COP 29 dönəmində razılaşdırılmış protokol əsasında həmin dövlətlərə yardımla bağlı qərar qəbul olunmuşdu və Azərbaycan bu qərarın icrasında iştirak edən əsas ölkələrdən biri kimi tanınır. Bu baxımdan platformanın yaradılması və platformaya yeni rəhbərin, azərbaycanlı bir gənc QHT rəhbərinin təyin olunması, təbii ki, yaxşı bir hadisədir. Azərbaycanın BMT kürsüsündə təqdimatları üçün önəmli platformadır. Ümumiyyətlə Azərbaycan bununla paralel olaraq həm də Avropa birlikləri ilə inteqrasiyanı gücləndirməlidir. Elə dünən həm də Avropa günündə Azərbaycan QHT-lərinin kifayət qədər yüksək səviyyədə təmsil olunması da məhz buna bir nümunədir. Türk dünyası, türk dilli dövlətlər təşkilatlarının daxil olan ölkələrin qeyri-hökumət təşkilatlarının sabah növbəti forumu yenə də Azərbaycanda baş tutacaq. Bu da Ümumdünya Şəhərsalma Forumu kontekstində Şəhərsalma Həftəsi çərçivəsində baş tutacaq və beləliklə istər Türk dünyası qeyri-hökumət təşkilatları ilə, istər Qlobal Cənub QHT platformasında, istər Avropa inteqrasiya istiqamətində QHT-lərin bütün təşəbbüsləri  dəstəklənməlidir".

Zəhra Ağayeva