Xəbərlər 22.04.2024 13:37 2580

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun doğum günüdür

Allahverdi Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Kiçik yaşlarından idmana, xüsusəndə futbola, yüngül atletika və voleybola böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. O, həm də, Ağdamın "Qarabağ" futbol klubunun şərəfini qoruyub. 1976-cı ildə klubun baş məşqçisi təyin olunub və həmin ildə keçirilən Ümumittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük rolu olub.

QHT.az xəbər verir ki, Allahverdi Bağırov Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılan kiçik özünü müdafiə dəstələrinə yaxından köməklik edib. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. Müharibə zamanı Ağdam Xalq Cəbhəsinin sədri seçilib. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdama Allahverdi Bağırov sancıb.

1988-ci ildə Ağdamda ilk müdafiə dəstələrinin formalaşmasında da onun böyük rolu olub. 1991-ci ilin 1 oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələrin onun və qardaşı Eldar Bağırovun komandirliyi altında yaradılıb. 1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor tərəfindən Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilib.

1992-ci il 12 iyunda onun batalyonunun səyi nəticəsində Aranzəmin, Naxçıvanik, Dəhraz, Mirkənd, Pircamal kəndləri düşməndən azad edilib. O, Xocalı soyqırımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyidləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. .

1992-ci ilin 12 iyunda təcili iş üçün geri, Ağdama çağrılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanikdən geri qayıdarkən minaya düşüb. Maşında olan digər üç nəfər sağ qalsa da, Allahverdi Bağırov paytlayış zamanı şəhid olub. O, qardaşı Eldar Bağırovun yanında - Ağdam rayon Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı Fərmanı ilə Bağırov Allahverdi Teymur oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı