Bu gün Bakıda Azərbaycan QHT Agentliyinin təşkilatçılığı və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının tərəfdaşlığı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu işə başlayıb.

QHT.az xəbər verir ki, Forumun açılış mərasimində çıxış edən QHT Agentliyinin Müşahidə Şurasının sədri Fuad Məmmədov bildirib ki, dünən Qazaxıstanda keçirilən Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə türk dövlətlərinin liderləri birlik və həmrəylik mesajı veriblər.

O, Prezident İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikrini xatırladaraq qeyd edib ki, Türk dünyası bu gün yüksəliş dövrünü yaşayır və qarşıda yeni imkanlar açılır. Fuad Məmmədovun sözlərinə görə, dost və qardaş xalqları ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirir.

Fuad Məmmədov türk dövlətlərindən olan tərəfdaş qurumları QHT-lər üçün birgə qrant müsabiqələri elan etməyə çağırıb. O bildirib ki, Azərbaycan tərəfi ikitərəfli və çoxtərəfli formatda belə təşəbbüsləri müzakirə etməyə və qısa müddətdə həyata keçirməyə hazırdır.

Onun sözlərinə görə, birgə qrant müsabiqələrinin mexanizmi mürəkkəb deyil: tərəflər müsabiqələri öz yerli normativ qaydalarına uyğun təşkil edir, layihələrin isə tərəfdaş ölkələrdə həyata keçirilməsi nəzərdə tutulur.

Fuad Məmmədov çıxışında yüksək mədəniyyətli cəmiyyətin formalaşdırılmasının Türk dünyasının gücünü daha da artıracağını da vurğulayıb. O qeyd edib ki, türk sivilizasiyası dərin fəlsəfəyə və zəngin dövlətçilik ənənələrinə malik böyük bir sivilizasiyadır.

O, həmçinin Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması ilə bağlı sərəncamını tarixi əhəmiyyətli sənəd kimi qiymətləndirib. Bildirib ki, türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk dünyası həftəsi” bu ilin iyun ayında Bakıda keçiriləcək.

Fuad Məmmədovun fikrincə, həmin tədbir Türk dünyasının mədəni həyatında əlamətdar hadisələrdən biri olacaq.