Xəbərlər 23.04.2024 19:44 2575

SADƏLİK – TƏKZİBOLUNMAZ GÖZƏLLİKDİR - QHT sədri yazır

Müasir dövrdə vətəndaş cəmiyyətini təmsil edən ictimai qurumların, ilk növbədə qeyri-hökumət təşkilatlarının (QHT) sıx əməkdaşlığı, birgə tədbirlərin təşkili və keçirilməsində, müştərək layihələrin icrasında fəal iştirakı təkcə bu qurumlar arasında deyil, həm də onları təmsil edən insanlar, adi vətəndaşlar arasında sağlam və səmimi münasibətlərin qurulmasında mühüm əhəmiyyət kəsb edir. Fəaliyyəti cəmiyyət həyatının fərqli sahələrini əhatə edən QHT-lərin eyni məqsədlə bir araya gəlməsi, hər hansı bir kiçik tədbir olsa belə, təqdirəlayiq hesab edilməli və onların iş təcrübəsinin yüksəldilməsinə xidmət etməlidir.

Belə bir addım 20 aprel tarixində bir QHT sədrinin təşəbbüsü, digərinin təşkilatçılığı ilə “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi tərəfindən atılmış oldu.

Dəyərli həmkarım, təcrübəli mədəniyyət işçisi, bu yaxınlarda tarix elmləri üzrə dissertasiyasını uğurla müdafiə etmiş fəlsəfə doktoru, pedaqoq, jurnalist və ictimaiyyətçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Rəsul Rza" mükafatı laureatı və Prezident təqaüdçüsü, vətəndaş cəmiyyətində fəal iştirakı ilə seçilən “Peşəyönümlü Təhsilin İnkişafına Dəstək” İctimai Birliyinin sədri İradə xanım Əlilini 60 illik yubileyi münasibətilə təbrik etmək istəyim onun maraqlı təklifi ilə qarşılandı: “Yubileyimi ahıl yaşlı tənha bir xanımla qeyd etmək istərdim...”

Paytaxtın Xətai rayonu sakini, “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin himayəsində olan Asiya xanım bizi böyük təəccüb və hədsiz sevinc hissi ilə qarşıladı. “Mən sizi tez-tez televiziya ekranında görürəm” – deyə etiraf edən ev sahibəsi tanınmış ziyalı xanımın onun qonağı olmasından şərəf duyduğunu dilə gətirdi: “Bu günü heç zaman unutmayacağam”. Qəlbi geniş İradə xanım da tənha qadına mənəvi dəstəklə yanaşı maddi yardım göstərməyi də unutmadı.

Görüşdük... Düşüncə və duyğularımızı bölüşdük... Uşaqlıq və gənclik illərimizi xatırladıq... 

Ömrünün 60-cı baharını dəbdəbəli məclis qurub təntənəli şəkildə qarşılamaqla deyil, taleyinə tənhalıq yazılmış ahıl yaşlı bir qadınla birgə qeyd etmək – hər bir kəsə örnək ola biləcək sadəliyin, nəcibliyin və xeyirxahlığın əlamətidir. Belə bir addımı yalnız saf niyyət və savab əməl sahibi ata bilər. Allah sizə ürəyinizcə versin, İradə xanım!

Dəyərli həmkarıma yaşadığı qədər ömür, yaşatdığı sevinc qədər səadət arzulayıram!

 

Ruhiyyə Məmmədova,

“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri    


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı